Advertisement

Azad olunmuş ərazilərdə 7 avtomobil yolu üzrə tikinti işlərinə start verilib

Bakı. Trend:

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində cari ilin
müvafiq dövründə görülən işlər və qarşıda duran vəzifələrin
icrasına həsr olunan hesabat iclası keçirilib.

Trend xəbər verir ki, Avtomobil Yollarının İstismarı və Təmiri
Baş İdarəsinin rəisi Kamran Əzizov “Azərbaycan Respublikasının
işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət
Proqramı”nın icrasına dair Tədbirlər Planında Azərbaycan Avtomobil
Yolları Dövlət Agentliyi tərəfindən 2022-2026-cı illər ərzində 20
avtomobil yolu layihəsinin və Laçın rayonunda Beynəlxalq Hava
Limanının tikintisi ilə əlaqədar qazma-partlatma və torpaq
işlərinin yerinə yetirilməsi nəzərdə tutulduğunu, bu layihələrdən
7-nin tikintisinin artıq başa çatdığını, proqrama əsasən digər
avtomobil yolları layihələrinin 2026-cı ilədək başa çatdırılmasının
nəzərdə tutulduğunu qeyd edib.

Ölkə başçısının rəhbərliyi altında Azərbaycan Ordusunun
sentyabrın 19-da lokal antiterror tədbirləri nəticəsində azad
olunmuş ərazilərdə 7 avtomobil yolları üzrə tikinti işlərinə artıq
start verildiyini qeyd edən Kamran Əzizov bildirib ki, ölkə
başçısının müvafiq Sərəncamlarına uyğun olaraq işğaldan azad
olunmuş şəhər ərazilərində yerləşən küçə və yolların
layihələndirilməsi və yenidən qurulması işlərinə başlanılıb.

Qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin
Sərəncamına əsasən cari ilin beş ayı ərzində ümumilikdə 70,5 min
nəfər əhalinin yaşadığı 68 yaşayış məntəqəsini birləşdirən 263,1 km
uzunluğa malik 10 kəndlərarası avtomobil yolu layihəsinin icrası
davam etdirilib. Bununla yanaşı paytaxt Bakı ərazisində də
vətəndaşların rahat gediş-gəlişinin təmin olunması, həmçinin
nəqliyyat sıxlığının azaldılması məqsədilə Azərbaycan Respublikası
Prezidentinin Sərəncamlarına əsasən tikinti və təmir işləri davam
etdirilib.