
Bakı. Trend:
Bakı Enerji Həftəsinə beynəlxalq diqqət ilbəil artır.
Trend xəbər
verir ki, bu barədə Fransanın “La Gazette du Caucase” qəzetində dərc olunan
məqalədə deyilir.
“Özündə üç böyük tədbiri birləşdirən Bakı Enerji Həftəsi bütün
dünyadan enerji sahəsi üzrə liderləri bir araya gətirir ki, bu da
Azərbaycana diqqəti ilbəil artırır. Azərbaycan Prezidenti İlham
Əliyevin açılış mərasimində iştirakı tədbirin nüfuzlu statusunu
vurğulayır”, – materialda deyilir.
Müəlliflər qeyd edir ki, qonaqlar və tədbir iştirakçıları
Prezident İlham Əliyevin giriş nitqini diqqətlə dinləyib.
“Prezident İlham Əliyev çıxışında ölkənin neft tarixində yeni
dövrün başlanğıcını qoymuş məşhur “Əsrin müqaviləsi”nin
əhəmiyyətini vurğuladı. Bu tarixi müqavilə Azərbaycanın enerji
strategiyasının təməl daşı rolunu oynadı. Müqavilənin
imzalanmasından otuz il keçib”, – müəlliflər yazır.
Məqalədə vurğulanır ki, dünyada neft hasilatının artması
Azərbaycana mühüm investisiyalar cəlb edib və bu, iqtisadi artıma
və sosial siyasətə müsbət təsir göstərib.
“Hazırda Bakı Enerji Həftəsində 37 ölkədən 300-ə yaxın şirkət
iştirak edir. Bu, enerji sektorunda aktual məsələlərin müzakirə
olunduğu və enerji sahəsindən mühüm iştirakçıların bir araya
gəldiyi platforma rolunda çıxış edir. “Caspian Oil&Gas” sərgisi
Xəzər regionunda iri neft-qaz layihələrinə və regionun enerji
təhlükəsizliyinə həsr olunub. Sərginin mühüm mövzuları neft-qaz
yataqlarının istismarı, neft və qazın nəqli və hasilatı,
telekommunikasiya və informasiya texnologiyaları, neft və qaz
emalı, innovasiya texnologiyaları bir çox digər mövzulardır.
Xəzər dənizinin ənənəvi enerji və “yaşıl” enerjisi üzrə “Caspian
Power” beynəlxalq sərgisində beynəlxalq və yerli şirkətlər
tərəfindən enerji və bərpa olunan enerji mənbələrinin inkişafı və
istifadəsi sahəsində yeniliklər, eləcə də, bütün əlaqədar təkliflər
müzakirə olunacaq. Tədbir günəş, geotermal, nüvə və istilik
enerjisi və avadanlıqları, enerji səmərəliliyi və resursa qənaət
edən texnologiyalar sahəsində mütəxəssis və sahibkarları cəlb
edir”, – məqalədə deyilir.
(Tərcümə: Rəna Əbdürəhmanova)



























