
Bakı. Trend:
Azərbaycanın enerji sektoru, xüsusilə də neft və qaz sənayesi,
ölkənin iqtisadi inkişafında həlledici rol oynayır. “Əsrin
müqaviləsi” ilə başlanan bu proses Azərbaycanın enerji siyasətinin
əsasını qoydu və ölkəmizi dünya neft ixracatçılarından birinə
çevirdi.
Bunu Trend-ə Milli Məclisin İqtisadi siyasət, sənaye və
sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.
T.Mirkişili qeyd edib ki, Azərbaycanın enerji sektoru həm neft
və qaz, həm də bərpaolunan enerji sahələrində mühüm nailiyyətlər
əldə edib.
“Bu nailiyyətlər ölkə iqtisadiyyatının inkişafına mühüm töhfə
verir və Azərbaycanın enerji siyasətindəki strateji addımlarını
dəstəkləyir. Bakı Enerji Həftəsi kimi tədbirlər isə Azərbaycanın
enerji sektorundakı uğurlarını dünyaya nümayiş etdirərək, ölkəmizin
bu sahədəki lider mövqeyini daha da möhkəmləndirir”, – deyə komitə
sədri bildirib.
T.Mirkişili vurğulayıb ki, Azərbaycanın enerji sektoru davamlı
inkişafın nümunəsidir və bu sahədə atılan hər bir addım ölkəmizin
gələcək iqtisadi inkişafına böyük töhfə verir.
“Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji
siyasəti Azərbaycanın strateji maraqlarına xidmət edir və
xalqımızın rifahına istiqamətlənib. Azərbaycanın enerji
sektorundakı uğurları, xüsusilə də qaz ixracında əldə edilən
nailiyyətlər ölkəmizi dünya enerji bazarında etibarlı tərəfdaş kimi
tanıdır. Bu, həm də ölkəmizin enerji təhlükəsizliyinin təminatında
mühüm rol oynayır”, – deyə komitə sədri vurğulayıb
T.Mirkişili əlavə edib ki, bərpaolunan enerji mənbələrinə keçid
Azərbaycanın enerji siyasətində yeni bir səhifə açır.
“Azərbaycan, ənənəvi enerji mənbələri ilə yanaşı, bərpaolunan
enerji resurslarına da böyük diqqət yetirir. “Masdar” şirkəti ilə
həyata keçirilən layihələr bu istiqamətdə atılan mühüm
addımlardandır. Bu layihələr 2027-ci ilədək 2 qiqavat həcmində
bərpaolunan enerjinin əldə edilməsini nəzərdə tutur.
Bərpaolunan enerji sahəsində həyata keçirilən layihələr ölkədə
yeni iş yerlərinin açılmasına və yerli iqtisadiyyatın inkişafına da
şərait yaradır. Bu, həm də ölkəmizin enerji sektorunun daha da
şaxələndirilməsi və dayanıqlı inkişafının təmin edilməsi baxımından
vacibdir”, – deyə T.Mirkişili bildirib.



























