Advertisement

29-cu Bakı Enerji Forumunun birinci günü başa çatdı (FOTO) (YENİLƏNİB)

Bakı. Trend:

29-cu Bakı Enerji Forumunun birinci günü başa çatıb.

Trend xəbər verir ki, forum öz işini sabah davam etdirəcək.

xxx

10:16

29-cu Bakı Enerji Forumu keçirilir.

Trend xəbər
verir ki, 5 və 6 iyun tarixlərində Bakı Enerji Həftəsi çərçivəsində
ekoloji konsepsiyaya əsasən inşa edilmiş Bakı Konqres Mərkəzində
Xəzər regionunun enerji sahəsindəki ən mühüm tədbirlərindən biri –
29-cu Bakı Enerji Forumu keçirilir.

Bakı Enerji Forumu Azərbaycan Respublikası Energetika
Nazirliyinin dəstəyi ilə keçirilir. Azərbaycan Respublikası Dövlət
Neft Şirkəti (SOCAR) isə tədbirin əsas tərəfdaşıdır. Forum ilk
dəfədir ki, OPEC-in dəstəyi ilə keçirilir.

Forumda 600-dən çox nümayəndə iştirak edir. Forumda Azərbaycanla
yanaşı, Avstraliya, Avstriya, Belarus, Belçika, Bolqarıstan, Böyük
Britaniya, Macarıstan, Gürcüstan, İsrail, Hindistan, İtaliya,
Qazaxıstan, Qətər, Çin, Latviya, Monako, Niderland, Norveç, BƏƏ,
Rusiya, Rumıniya, Səudiyyə Ərəbistanı, Sloveniya, ABŞ, Özbəkistan,
Ukrayna, Finlandiya, Fransa, Çexiya, İsveçrə, İsveç və Yaponiya da
iştirak edəcək. Bu il forumun proqramına rekord sayda (81) məruzəçi
daxildir.

Forumun gündəliyinə həm Azərbaycan, həm də bütün Xəzər regionu
üçün vacib olan enerji məsələləri daxil ediləcək. Gündəlikdəki əsas
məsələlər enerji təhlükəsizliyi, enerji keçidi və “yaşıl” enerji
layihələrinin nəzərdən keçirilməsi və maliyyələşdirilməsi ilə
bağlıdır.

İki gün davam edəcək tədbirdə “Enerji təhlükəsizliyinin və
dayanıqlığının təmin edilməsi üçün beynəlxalq əməkdaşlıq”, “Enerji
təhlükəsizliyi 2.0”, “Xəzər regionunda kəşfiyyat və hasilat”,
“Dayanıqlı enerjinin inkişafı: Xəzər regionunda “yaşıl” enerji
potensialı”, “Yeni texnologiyalar və rəqəmsallaşma”, “Qaz dialoqu:
enerji böhranı şəraitində qaz təchizatının rolu”, “Neft axınları:
Azərbaycanda kross-logistika və infrastrukturun inkişafı” və
“Uğurlu enerji keçidində insan kapitalının rolu” kimi mövzular
müzakirə olunacaq. Bundan başqa, qarşıdan gələn COP29 konfransını
nəzərə alaraq, Bakı Enerji Forumunun proqramına “Yaşıl gündəliyin
gücləndirilməsi: “yaşıl” planetin tərəqqisinə nail olmaq üçün
strategiyalar və COP29″ mövzusunda xüsusi sessiya da daxil
edilib.

Energetika naziri Pərviz Şahbazov forumda çıxışı zamanı deyib
ki, Azərbaycan qazıntı və “yaşıl” yanacaq arasında sinerjini uğurla
həyata keçirir.

“Artıq 2026-cı ildən başlayaraq Avropa İttifaqına qaz tədarükü
ildə 1,2 milyard kubmetr artacaq və bu artım getdikcə davam edə
bilər. Türkiyə ərazisindən qaz tranzitinə dair imzalanmış sazişlər
Azərbaycan qazının Aİ-yə tədarükünün artmasına imkan yaradacaq”, –
deyə o bildirib.

Onun sözlərinə görə, 2024-cü ildə Azərbaycan qazının ümumi
ixracı 24,3 milyard kubmetr olacaq ki, bunun yarıdan çoxu Aİ-nin
payına düşəcək (2023-cü ildə Aİ üçün həcm 11,8 milyard kubmetr
olub).

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto qeyd
edib ki, qaz mənbələrini şaxələndirmək üçün infrastruktur, o
cümlədən çatdırılma marşrutları inkişaf etdirilməlidir.

“Enerji və qaz mənbələrini şaxələndirmək üçün infrastrukturu, o
cümlədən çatdırılma marşrutlarını inkişaf etdirməliyik. Bizə
Avropada diversifikasiya məsələsində mühüm təzyiq göstərilir.
Problem ondadır ki, bizdə bu anlayışın fərqli tərifləri var. Bizim
diversifikasiya anlayışımız bir mənbənin digəri ilə əvəz
olunmasından deyil, mənbələrin sayının artırılmasından ibarətdir.
Həqiqi diversifikasiya üçün daha çox mənbələrə ehtiyac var. Məhz bu
səbəbdən Azərbaycan, Qətər və Türkiyədən daha çox qaz satın ala
bilmək üçün Cənub-Şərqi Avropada boru kəmərləri şəbəkəsinin gücünün
artırılması xahişi ilə Aİ-yə müraciət etmişik”, – o deyib.

Qaz İxrac edən Ölkələr Forumunun (GECF) baş katibi Mohamed Hamel
isə bildirib ki, СОР29-un uğuru labüddür.

“Azərbaycan Respublikasını COP29-a ev sahibliyi etməsi
münasibətilə təbrik etmək istərdim. Məmnuniyyətlə qeyd etmək
istəyirəm ki, dünən görüşməkdən məmnun olduğum COP29-un müəyyən
edilmiş prezidenti Muxtar Babayevin məharətli rəhbərliyi altında
COP29-a hazırlıq ən yüksək səviyyədə aparılır. СОР29-un uğuru artıq
labüddür. COP29 yeni texnologiyalara qapı açacaq və Azərbaycana bu
məsələdə uğurlar arzulayıram. İqlim konfransının uğurla keçirilməsi
üçün ən xoş arzularımı çatdırıram”, – o deyib.

Daha sonra Avropanın enerji təhlükəsizliyindən danışan Avropa
Komissiyasının Enerji Siyasəti Strategiyası və Koordinasiyası üzrə
direktoru Kristina Lobillo Borrero qeyd edib ki, Avropa İttifaqında
yeni qaz mənbələrinin şaxələndirilməsi və təhlükəsizliyinin təmin
edilməsi üçün daxili infrastrukturun uyğunlaşdırılması
zəruridir.

“Ehtiyat edirdim ki, Aİ-nin üzərinə götürdüyü siyasi öhdəliklər
2027-ci ilə qədər Rusiya qazının tədarükünü tamamilə dayandıra
bilməyəcək. İcazənizlə bəzi rəqəmləri təqdim edim. Ənənəvi olaraq,
biz Aİ-də istehlak olunan qazın 90%-ni idxal edirik ki, bunun da
45%-i Rusiya qazının payına düşüb. Bu gün bu faiz 15%-dək
azaldılıb, yəni Rusiya qazı hələ də sistemdə mövcuddur. Bunun
üzərində işləməyə davam edirik. Aydındır ki, Aİ-nin iki mühüm
aspekti var. Birincisi, 80 faiz elektrikləşdirməni təmin etməyi
planlaşdırdığımız 2050-ci ilədək dekarbonizasiyaya nail olmağa tam
sadiqik. İkincisi, təbii qazı digərmənbələrlə əvəz etməliyik.

Xüsusən ABŞ-dən, eləcə də Azərbaycan və Əlcəzair kimi digər
mənbələrdən boru kəmərləri vasitəsilə maye təbii qaz tədarükünü
artırmışıq. Beləliklə, tədarükərin şaxələndirilməsi üçün akti
şəkildə çalışırıq”, – o deyib.

Bundan başqa, Sloveniyanın Ekologiya, İqlim və Energetika
Nazirliyində energetika üzrə dövlət katibi Tina Sersen əlavə edib
ki, Sloveniya günəş enerjisi, hidroenerji, “ağıllı” texnologiyalar
və digər aparıcı istiqamətlər üzrə öz təcrübəsini Azərbaycana
təklif edə bilər.

“Biz yeni tərəfdaşlar tapmalıyıq. Həmçinin ölkənin gələcəyi üçün
vacib olan enerji daşıyıcılarının tədarükü məsələsi üzərində
fəaliyyəti səbirsizliklə gözləyirəm. Fikrimcə, Azərbaycan və
Türkiyə qaz tədarükü çərçivəsindən kənara çıxan yeni
tərəfdaşlıqları inkişaf etdirmək və yaratmaq üçün böyük potensiala
malikdir. Biz sizə, eləcə də bütün regiona günəş enerjisi,
hidroenerji, “ağıllı” texnologiyalar və digər aparıcı istiqamətlər
üzrə öz bilik və təcrübəmizi təklif edə bilərik. Təklif edə
biləcəyimiz budur”, – o deyib.

Beynəlxalq Enerji Agentliyinin (IEA) Enerji təchizatı şöbəsinin
rəhbəri Kristof Makqleyd deyib ki, yeni enerji mənbələrinə uğurlu
enerji keçid üçün birgə fəaliyyət lazımdır.

“Bütün dünyada istehsalçıların qığılcım tutan yığıcılar,
hidrogen, bioenerji, enerji yığıcıları, bərpa olunan enerji
mənbələri və bir çox digər qabaqcıl enerji texnologiyalarından
istifadə etdiyini görürük. 1,5 dərəcə iqlim hədəfinə nail olmaq
üçün nəyin lazım olduğuna baxdığımızda görürük ki, 2030-cu ilə
qədər emissiyaları lazımi səviyyədə saxlamaq üçün bütün əlçatan
texnologiyalarımız var. Bu kontekstdə şirkətlər arasında qarşılıqlı
əlaqələr vacibdir. Beynəlxalq Enerji Agentliyi (IEA) məhz bunun
müzakirəsini təklif edir”, – o deyib.

Onun sözlərinə görə, texnologiya və təchizat zəncirləri
beynəlxalq xarakter daşıyır və potensial fasilələrin qarşısını
almaq üçün qarşılıqlı fəaliyyət zəruridir.

“Bir çox yeni texnologiyaların tətbiqi yalnız ümumi qəbul
edilmiş standartlar və razılaşdırılmış yanaşmalar olduqda
mümkündür. Məhz bu səbəbdən ölkələrin birlikdə daha sıx fəaliiyyəti
zəruridir. Yeni enerji mənbələrinə keçid etməyimizin zəruri olma
səbəbləri tamamilə aydındır. Birgə işləməsək keçid çox qeyri-sabit
və qeyri-müntəzəm olacaq. Tərəflər əl-ələ verərək birgə fəaliyyət
göstərməlidir”, – deyə o əlavə edib.

Xəbər yenilənəcək

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun