
Bakı. Trend:
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Göyçay Rayon
İcra Hakimiyyəti, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyası və
Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin birgə
təşkilatçılığı ilə “Futbolu inkişaf etdirək” layihəsi üzrə növbəti
tədbir Göyçay rayonunda keçirilib.
Bu layihə Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin 29 dekabr 2019-cu il tarixində Azərbaycan Milli Olimpiya
Mərkəzində idmançılarla görüşü zamanı kəndlərdə idmanın inkişafına
dair verdiyi tövsiyyələrin yerinə yetirilməsi istiqamətində növbəti
atılmış addımların davamıdır.
Bu gün keçirilən növbəti tədbirdə Göyçay RİH-nin başçısı Natiq
Ağayev, Milli Məclisin deputatı Sabir Hacıyev, Azərbaycan Uşaq və
Gənclər Futbol Federasiyasının (UGFF) prezidenti Asif Əliyev,
UGFF-nin baş katibi Asim Xudiyev, Mərkəzi Aran Regional Gənclər və
İdman İdarəsinin rəisi Azad Gözəlov iştirak edib.
Tədbirdə iştirak edən natiqlər çıxış edərək bildirmişdirlər ki,
layihənin əsas məqsədi uşaq futbolunun regionlarda inkişaf etdirmək
və gələcəkdə futbol akademiyalarında futbolçu kimi formalaşmalarına
dəstək olmaqdır. Regionlarda idmanın və futbolun inkişaf
etdirilməsi məqsədilə gələcəkdə belə tədbirlərin digər bölgələrdə
də həyata keçirilməsinin nəzərdə tutulduğu vurğulandı.
Tədbir zamanı “Futbolu inkişaf etdirək” layihəsi üzrə tədbirdə
iştirak edən məktəblilər arasında futbol turniri keçirilib və gənc
futbolçular bu idman növü üzrə öz bacarıqlarını nümayiş
etdiriblər.
Tədbirin sonunda yeniyetmələrə futbola marağın artırılması
məqsədilə idman geyimləri və toplar verilib.





























