Advertisement

Çexiya elektrik enerjisi istehsalında qazın payının artacağını gözləyir

Bakı. Trend:

2035-ci ilədək Çexiyada istehsal olunan elektrik enerjisinin
təqribən 10 faizinin təbii qazın payına düşəcəyi gözlənilir.

Trend xəbər
verir ki, bu barədə bu gün Çexiya Respublikasının Sənaye və Ticarət
Nazirliyinin Enerji Strategiyası və Beynəlxalq Əməkdaşlıq üzrə
direktoru Petr Binhak 29-cu Bakı Enerji Forumu çərçivəsində “Qaz
dialoqu: Enerji böhranı zamanı qaz təchizatının rolu” panel
müzakirəsində deyib.

“Hazırda Çexiyada elektrik enerjisi istehsalında qazın payı
təqribən 5 faiz təşkil edir. 2035-ci ilədək elektrik enerjimizin
təqribən 10 faizini təbii qazın payın düşəcəyini gözləyirik. Bu,
bərpa olunan enerji mənbələri ilə birlikdə bizi 2050-ci ilədək
iqlim neytrallığının təmin olunmasından ibarət olan son hədəfimizin
əldə olunmasında irəliyə apara bilər”, – o deyib.

Petr Binhak həmçinin Çexiyanın dənizə çıxışının olmadığını və
2022-ci ilədək ölkənin Rusiya qazından demək olar ki, 100 faiz,
Rusiya neftindən isə 50 faiz asılı olduğunu qeyd edib.

“Lakin artıq Rusiyadan enerji asılılığını azaltmağa nail
olmuşuq”, – deyə o əlavə edib.

Qeyd edək ki, iyunun 6-da Bakı Enerji Forumunun ikinci günü
başlayıb.

Bu gün panel müzakirələrində “Qaz dialoqu: Enerji böhranı zamanı
qaz təchizatının rolu”, “Xəzər regionunda kəşfiyyat və hasilat
imkanları”, “Neft axınları: Kross-logistika və Azərbaycanda
infrastrukturun inkişafı”, “Uğurlu enerji keçidində insan
kapitalının rolu” və “Yaşıl gündəliyin imkanlarının
genişləndirilməsi: Yaşıl planetin tərəqqisinə nail olmaq üçün
strategiyalar və COP29” kimi mövzular müzakirə olunacaq.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun