Advertisement

Təbii qaza tələbat uzun illər davam edəcək – bp

Bakı. Trend:

Təbii qaza tələbat bundan sonra uzun illər davam edəcək.

Trend xəbər
verir ki, bu barədə bu gün bp şirkətinin Qaz və az karbonlu
enerjinin inkişafi üzrə vitse-prezidenti Katerina Papaleksandri
29-cu Bakı Enerji Forumu çərçivəsində “Qaz dialoqu: Enerji böhranı
zamanı qaz təchizatının rolu” panel müzakirəsində deyib.

“Qaz mühüm yanacaq növüdür və bu cür də qalacaq. Hesab edirik
ki, təbii qazın rolu və ona tələbat bundan sonra da uzun illər
davam edəcək. Bu kömürüb daha ucuz və daha təmiz alternatividir,
qaz həmçinin emissiyaları azaltmağa kömək edə bilər”, – o
deyib.

Onun sözlərinə görə, qaz bərpa olunan enerji mənbələrini ehtiyat
enerji ilə təmin edir və onların fəaliyyətində fasilələr problemini
həll edir. Eyni zamanda, Katerina Papaleksandrinin fikrincə, təbii
qazın saxlanma xərcləri kifayət qədər aşağıdır.

Qeyd edək ki, Bakı Enerji Forumunda 600-dən çox nümayəndə
iştirak edir. Forumda Azərbaycanla yanaşı, Avstraliya, Avstriya,
Belarus, Belçika, Bolqarıstan, Böyük Britaniya, Macarıstan,
Gürcüstan, İsrail, Hindistan, İtaliya, Qazaxıstan, Qətər, Çin,
Latviya, Monako, Niderland, Norveç, BƏƏ, Rusiya, Rumıniya, Səudiyyə
Ərəbistanı, Sloveniya, ABŞ, Özbəkistan, Ukrayna, Finlandiya,
Fransa, Çexiya, İsveçrə, İsveç və Yaponiya da iştirak edəcək. Bu il
forumun proqramına rekord sayda (81) məruzəçi daxildir.

Forumun gündəliyinə həm Azərbaycan, həm də bütün Xəzər regionu
üçün vacib olan enerji məsələləri daxil ediləcək. Gündəlikdəki əsas
məsələlər enerji təhlükəsizliyi, enerji keçidi və “yaşıl” enerji
layihələrinin nəzərdən keçirilməsi və maliyyələşdirilməsi ilə
bağlıdır.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun