Advertisement

Minskdə Azərbaycan-Belarus Hökumətlərarası Komissiyasının 14-cü iclası keçirilib

Bakı. Trend:

İyunun 6-da Minskdə Azərbaycan Respublikası ilə Belarus
Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə
Hökumətlərarası Komissiyanın 14-cü iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Trend-ə bildirilib ki,
Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov və
Belarus Respublikası Baş nazirinin müavini İqor Petrişenkonun
sədrliyi ilə keçirilən iclasda iki ölkənin müvafiq dövlət
qurumlarının rəhbərləri və səlahiyyətli nümayəndələri də iştirak
ediblər.

İclasda tərəflər Azərbaycan ilə Belarus arasında müxtəlif
sahələrdə qarşılıqlı faydalı tərəfdaşlığın yüksək səviyyədə
olduğunu bildiriblər.

İki ölkə prezidentlərinin fəal siyasi dialoqu, sıx təmasları və
birgə səyləri nəticəsində ikitərəfli əlaqələrin dinamik
inkişafından məmnunluq ifadə olunub.

Bununla əlaqədar olaraq, Belarus Prezidenti Aleksandr
Lukaşenkonun Azərbaycana son dövlət səfərinin əhəmiyyəti qeyd
edilib.

İclasda tərəflər ikitərəfli əməkdaşlığın gündəliyində duran
aktual məsələləri müzakirə ediblər. Azərbaycanın azad edilmiş
ərazilərində iqtisadi-ticari, investisiya, sənaye və aqrar
sahələrdə, eləcə də təhsil və birgə fəaliyyət istiqamətlərində
dövlət başçılarının razılaşma və tapşırıqlarının icrasına xüsusi
diqqət yetirilib.

Tərəflər qarşılıqlı faydalı əməkdaşlığın bütün kompleksi üzrə
konstruktiv dialoqu davam etdirməyə hazırlıq ifadə ediblər.

İclasın yekunlarına əsasən, Əli Əhmədov və İqor Petrişenko
Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında iqtisadi
əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 14-cü iclasının
protokolunu, habelə iki ölkə arasında əməkdaşlığın inkişafı üzrə
2024-2025-ci illər üçün yenilənmiş yol xəritəsini imzalayıblar.