
Bakı. Trend:
Nazirlər Kabineti “Azərbaycan Respublikasında ixrac-idxal
əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərarda
dəyişiklik edib.
Trend xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar
imzalayıb.
Sənədə əsasən, “Birləşmiş Millətlər Təşkilatının İqlim
Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının
29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün
19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı
sessiyasının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin
yaradılması haqqında” sərəncamın icrasını təmin etmək məqsədilə
COP29 Azərbaycan Əməliyyat Şirkətinin təsdiqedici sənədinə əsasən
COP29 beynəlxalq tədbiri çərçivəsində ölkəyə gətirilən mallar
vergidən azad edilir.
Bu qərar 2024-cü il martın 1-dən tətbiq olunur və 2024-cü il
dekabrın 1-dək qüvvədədir.



























