Bakı. Trend:
Bu gün Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə reytinq
turnirinə start verilib.
Trend İdman.biz-ə istinadən
xəbər verir ki, yarışın ilk günündə Azərbaycanın 4 sərbəst
güləşçisi mübarizəyə qoşulub.
Əliabbas Rzazadə (57 kq) 1/4 finalda özbəkistanlı Qulamjon
Abdullayevə “tuş”la qalib gəlib. Ancaq yarımfinalda hakimlərin
müəmmalı qərarları və zədə həlledici olub. Yaponiyalı Rei Hiquçiylə
görüşdə həmyerlimizin ardıcıl fəndləri cəmi 8 xalla
qiymətləndirilib. Qarşılaşmanın davamında Əliabbasın çiynindən
aldığı zədə rəqibə müqavimət göstərməyə imkan verməyib – 8:18.
Rzazadə zədələndiyi üçün bürünc medal uğrunda görüşə də
çıxmayıb.
Hacı Əliyev (65 kq) A qrupunda ilk turda yaponiyalı Kotaro
Kiyokaya 5:2 hesabıyla qalib gəlib. Özbəkistanlı Ümidjon Calalov
xalçaya çıxmadığı üçün 2-ci turda həmyerlimizə texniki qələbə
verilib. Əliyev 3-cü turda son dünya çempionu İsmayıl Musukayevə
(Macarıstan) məğlub olub – 3:9. Hacı yarımfinalda iranlı Abbas
İbrahimzadəyə 0:6 hesabıyla uduzub. Güləşçimiz bürünc medal uğrunda
görüşdə meksikalı Austin Qomeslə qarşılaşıb və 12:3 hesabı ilə
qalib gəlib.
Maqomedxan Maqomedov (97 kq) 1/4 finalda slovakiyalı Batirbek
Tsakulova tam üstünlüklə qalib gəlib – 12:2. Təmsilçimiz
yarımfinalda qazaxıstanlı Rızabek Aitmuxandan güclü olub – 15:7.
Maqomedxan finalda Alişer Yergali ilə üz-üzə gəlməli idi. Amma
yığmamızn üzvü final görüşünə çıxmayıb.
Giorgi Meşvildişvili (125 kq) reytinq turnirində mübarizəni
erkən dayandırıb. O, Conovan Darius Smitə uduzub.
Qeyd edək ki, yığmamız turnirə 14 güləşçi ilə qatılıb.





























