Bakı. Trend:
İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsinə dəyişiklik
edilir.
Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün
keçirilən iclasında müzakirə edilən “İşsizlikdən sığorta fondunun
2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə” qanun layihəsinə dair izahatda əksini
tapıb.
Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu sosial islahatlar
çərçivəsində əhalinin məşğulluğu ilə bağlı tədbirlərin
gücləndirilməsi məqsədilə ölkədə işsizlikdən sığorta sisteminin
tətbiqinə başlanılması işsiz (işaxtaran) şəxslərin sosial
müdafiəsinin yaxşılaşdırılması və aktiv məşğulluq tədbirlərinin
həyata keçirilməsi üçün çevik maliyyə mexanizmini
formalaşdırıb.
İşsizlikdən sığorta fondunun 2023-cü il və cari ilin 4 ayı üzrə
büdcə gəlirlərinin icra göstəricilərinin təhlilinə əsasən ilin
sonuna işsizlikdən sığorta haqları üzrə mədaxillərin artımı
gözlənilir. Beləliklə, “İşsizlikdən sığorta fondunun 2024-cü il
büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik
edilməsi barədə” Qanun layihəsində işsizlikdən sığorta haqları üzrə
daxilolmaların 4 700 000,00 manat artırılaraq 179 976 800,0
manatdan 184 676 800,0 manata çatdırılması təklif olunur. Eyni
zamanda gəlirlərin qeyri-büdcə sektoru üzrə olan hissəsinin 139 300
000,0 manat olacağı proqnozlaşdırılır.
Cari ilin xərc məbləğində dürüstləşmə nəzərdə tutulmadığından,
2023-cü ilin sonuna işsizlikdən sığorta fondunun istifadə olunmamış
hissəsi 57 953 200,0 manatdan 53 253 200,0 manata və ya 4 700 000,0
manat azaldılıb.
Müzakirələrdən sonra dəyişikliklər səsverməyə qoyularaq birinci
oxunuşda qəbul edilib.



























