
Bakı. Trend:
Son dövrlərdə pərakəndə ticarət və iaşə obyektlərində bəzi
hallarda nağdsız ödənişlərin POS-terminal deyil, plastik kartlar
vasitəsilə kartdan karta köçürmə əməliyyatları tətbiq olunmaqla
həyata keçirildiyi müşahidə edilməkdədir.
Trend İqtisadiyyat Nazirliyi
yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, pərakəndə
ticarət və iaşə obyektlərində ödənişlərin kartdan karta köçürmə
əməliyyatları vasitəsilə həyata keçirilməsi istehlakçıların
hüquqlarının pozulmasıdır. Belə hallarda istehlakçılara
POS-terminaldan çıxarış və nəzarət-kassa aparatı çeki təqdim
olunmur ki, bu da gələcəkdə istehlakçıların öz hüquqlarını tələb
etmək imkanını məhdudlaşdırır. Eyni zamanda, belə hallar mal, iş və
xidmətlər əlavə dəyər vergisi ödəyicilərindən alınarkən
istehlakçıların “ƏDV geri al” hüququndan məhrum olması ilə
nəticələnir.
Bununla yanaşı bildiririk ki, bu qanun pozuntusu vergidənyayınma
məqsədi daşıyır və belə əməliyyatlara yol verən vergi ödəyicilərinə
vergi orqanı tərəfindən əlavə vergilər, faizlər hesablana və
maliyyə sanksiyaları tətbiq oluna bilər.
Dövlət Vergi Xidməti vətəndaşları mal, iş və xidmətlər alarkən
nağdsız ödənişləri kardan karta köçürmə əməliyyatları ilə deyil,
yalnız POS-terminal tələb etməklə həyata keçirməyə çağırır.
Sahibkarlara isə Vergi Məcəlləsində nəzərdə tutulan əlavə maliyyə
sanksiyalarına məruz qalmamaq üçün nağdsız ödənişləri
qanunvericiliyin tələblərinə əsasən, yalnız POS-terminal vasitəsilə
qəbul etmək tövsiyə olunur.



























