Advertisement

Bakıda ilk dəfə “Peking to Paris Motors Challenge” beynəlxalq yarışı keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan
Avtomobil Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin
dəstəyi ilə Bakıda ilk dəfə dünyanın ən həyəcanverici yarışlarından
biri olan “Peking to Paris Motors Challenge” beynəlxalq yarışının
8-ci buraxılışı keçirilib.

Bakı Şəhər Halqasından Trend-ə verilən məlumata görə, Dənizkənarı Milli
Parkda yerləşən “Yeddi Gözəl” fəvvarəsinin yanında baş tutan
tədbirdə retro avtomobil sevənlər bir araya gəlib.

“Peking to Paris Motors Challenge” təkcə avtomobil yarışı deyil,
həm də macəra və dözümlülük sınağıdır. İştirakçılar retro
avtomobillər ilə təxminən 14.000 km məsafə qət edərək dünyanın ən
çətin marşrutlarından birində yarışırlar.

Otuz yeddi gün davam edəcək “Peking to Paris Motors Challenge”
beynəlxalq yarışı 18 may 2024-cü il tarixində Çin Xalq
Respublikasında başlamaqla Monqolustan, Qazaxıstandan keçərək
Azərbaycana çatıb. 200 nəfər iştirakçının qatıldığı yarışın
Fransada başa çatdırılması planlaşdırılır.

Qeyd edək ki, “Peking to Paris Motors Challenge” 1907-ci ilin
ilk qabaqcıl yollarında davam edən və əsl dözümlü motor
rallisidir.

Tədbir mədəniyyətimizin nümayişi və şənliklə başa çatıb.