Advertisement

Mastercard tezliklə Azərbaycanda süni intellektə əsaslanan yeni xidmət platforması təqdim edəcək (ÖZƏL MÜSAHİBƏ)

Bakı. Trend:

Mastercard tezliklə Azərbaycanda süni intellektə (AI) əsaslanan
yeni xidmət platforması təqdim edəcək.

Bu barədə Trend-ə özəl müsahibəsində Mastercard-ın Azərbaycan
üzrə regional meneceri Emil Zeynalov deyib.

“Süni intellekt yeni olmaqla yanaşı, həm də çox populyar və
sürətlə inkişaf edən tendensiyadır”, – deyə Emil Zeynalov qeyd
edib.

Onun sözlərinə görə, Mastercard süni intellekti öz
texnologiyalarına, o cümlədən, Azərbaycan bazarında təqdim olunacaq
texnologiyalara inteqrasiya edir.

“Yaxın vaxtlarda istifadəçilərimizə süni intellekt platforması
əsasında yeni xidmətlər təklif etməyi planlaşdırırıq. Bu xidmətlər
kart əməliyyatlarında kibertəhlükəsizlik, kibercinayətkarlıq və
fırıldaqçılıqla mübarizəyə yönəldiləcək və yeni xidmətə hər bir
əməliyyat üçün qiymətləndirmə daxil olacaq. Tərəfdaşlarımız
əməliyyatların təhlükəsizliyini qiymətləndirmək və kart sahibləri
üçün yüksək səviyyədə müdafiəni təmin etmək üçün bu
qiymətləndirmədən istifadə edə biləcəklər”, – Emil Zeynalov əlavə
edib.

O, həmçinin, qeyd edib ki, Mastercard hazırda Azərbaycanda
nəqliyyat layihələrini genişləndirmək üzərində çalışır.

“Bizim nəqliyyat sektorunda böyük təcrübəmiz var və Türkiyə də
daxil olmaqla, onlarla ölkədə uğurlu layihələr həyata keçirmişik”,
– deyə Zeynalov bildirib.

Onun sözlərinə görə, müxtəlif şəhərlərdə müştərilər Mastercard
kartlarından ictimai nəqliyyatda, o cümlədən, avtobus və metrolarda
ödəniş etmək üçün istifadə edə bilərlər.

“2021-ci ildə biz yerli banklardan biri ilə birgə Şamaxıda
uğurlu nəqliyyat layihəsinə start verdik. Artıq üç ildir ki, kart
istifadəçiləri gediş haqlarını nağdsız, böyük güzəştlərlə ödəyə
bilirlər. Bu təcrübəni Azərbaycanın digər şəhərlərinə də tətbiq
etmək üçün həmçinin dövlət qurumları və bank tərəfdaşları ilə fəal
işləyirik”, – deyə Emil Zeynalov əlavə edib.

Nağdsız ödənişlərdən danışan menecer qeyd edib ki, Azərbaycanda
nağdsız ödənişlərin ümumi istehlak xərclərindəki payı 30 faizə
yaxındır.

“Bu, əhəmiyyətli artım potensialından xəbər verir və bizim
strategiyamızın əsasında nağd ödənişlərlə mübarizə dayanır. Nağd
pul həm dünya üzrə, həm də Azərbaycanda bu mübarizədə əsas
rəqibimizdir. Nağdsız əməliyyatların payının durmadan artdığını
görürük və bütün texnologiyalarımız, innovasiyalarımız və yeni
məhsul və xidmətlərimiz bu göstəricinin daha da yüksəldilməsinə
yönəlib”, – Emil Zeynalov bildirib.

Mobil telefon nömrələrinə pul köçürmələri ilə bağlı sualı
cavablandıran Zeynalov qeyd edib ki, bu xidmət tezliklə Azərbaycan
bazarında da tətbiq olunacaq.

“Biz bu xidməti yaxın gələcəkdə Azərbaycan bazarında tətbiq
etmək üçün müxtəlif bazar iştirakçıları, o cümlədən
tənzimləyicilərlə əməkdaşlıq edirik. Ümid edirik ki,
istifadəçilərimizi sevindirəcəyik və əminəm ki, bu, tezliklə baş
verəcək. Texnologiyamıza çıxışı olan bütün istifadəçilər həm
Azərbaycan daxilində, həm də xaricə pul köçürmələri edə bilir”, – o
əlavə edib.

Bundan əlavə, Zeynalov qeyd edib ki, Mastercard artıq kartdan
kənar hesablar arasında pul köçürmələrinə imkan verən xidmətə də
malikdir.

“Bu xidməti keçən il bir neçə bankla uğurla inteqrasiya etdik və
yaxın gələcəkdə digər maliyyə institutları ilə müvafiq əməkdaşlığı
yekunlaşdırmağı planlaşdırırıq. Bu, müştərilərimizə təkcə kartlar
arasında deyil, həm də kart və hesab arasında, eyni zamanda
hesablar arasında pul köçürməyə imkanı verəcək. Beləliklə,
xidmətlərimizi yalnız kartdan karta köçürmələrlə
məhdudlaşdırmırıq”, – deyə Emil Zeynalov bildirib.

Öz növbəsində, Mastercard-ın Azərbaycan və Türkiyə üzrə baş
direktoru Avşar Gürdal Trend-ə özəl müsahibəsində Mastercard-ın
fəaliyyətlərində süni intellektdən (AI) fəal istifadə etdiyini
bildirib.

“Bizim bütün infrastrukturumuz süni infrastruktur əsasında
çalışan modellər üzərində qurulub”, o bildirib.

Gürdal, həmçinin, bu yaxınlarda Mastercard tərəfindən süni
intellektdən istifadə edərək, biznes qərarları üçün modellər quran
və inkişaf etdirən “Brighterion” şirkətinin satın alındığını diqqət
çatdırıb.

“Hazırda şəbəkəmizin ana xəttində saxtakarlığı aşkar etmək üçün
ondan [Brighterion-dan] istifadə edirik”, Gürdal qeyd edib.

Tranzaksiya prosesi ilə bağlı Gürdal bildirib ki, Mastercard
sistemi əməliyyatın xarakterini müəyyən edir və süni intellekt
əsaslı təhlildən sonra onun təsdiq və ya rədd edilməsinə qərar
verir.

“Biz, həmçinin, emitentlər və ekvayerlərə [əldə edənlər]
əməliyyatların istiqamətləndirilməsi ilə bağlı qərarlar qəbul
etməkdə kömək etmək üçün qiymətləndirmələr hazırlayırıq”, – Gürdal
əlavə edib.

Bundan əlavə, Gürdal kredit riski anderraytinqi [maliyyə
vəziyyətinin qiymətləndirilməsi] və çarpaz satış mexanizmləri kimi
biznes qərarları üçün süni intellekt modellərindən istifadə etmək
məqsədilə üzvləri ilə birlikdə işləyən “Mastercard Advisors”un
rolunu vurğulayıb.

“Süni intellekt uzun müddətdir ki, dizayn və strategiyamızın
mühüm bir hissəsidir”, deyən baş direktor həmçinin şirkətin gələcək
aylarda və illərdə xüsusilə tərəfdaş banklarla layihələrin sayını
artırmaq niyyətində olduğunu bildirib.

Qeyd edək ki, Mastercard kredit, debet və öncədən ödənişli
kartlar daxil olmaqla, maliyyə xidmətləri göstərən beynəlxalq
ödəniş sistemidir. O, kart sahiblərinə dünya üzrə milyonlarla satış
nöqtələrində nağdsız ödənişlər etmək imkanı verir. Mastercard
həmçinin banklara, ticarət qurumlarına və digər maliyyə
institutlarına texnoloji həllər təqdim edir. Mastercard kartları
bir çox ölkələrdə qəbul edilir və geniş çeşiddə əməliyyatlar, o
cümlədən, mağazadaxili alış-verişlər, onlayn əməliyyatlar,
bankomatlardan nağd pul çıxarılması və digər maliyyə əməliyyatları
üçün istifadə olunur.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun