Bakı. Trend:
Orta Dəhliz “yaşıl” dəhlizə çevriləndə cəlbediciliyi daha da
artacaq, belə ki, Asiyadan Avropaya və əks istiqamətdə bu marşrutla
konteyner daşımalarına bir sıra vergilər tətbiq olunmayacaq.
Trend xəbər
verir ki, bu barədə BBDTL-in baş direktoru Taleh Ziyadov
jurnalistlərə deyib.
“Limanımıza artıq BMT-nin Beynəlxalq Dəniz Təşkilatı tərəfindən
“yaşıl liman” sertifikatı verilib. Bu, Orta Dəhlizin “yaşıl”
statusunun inkişafı üçün də müsbət haldır. Gələcəkdə konteynerlərin
qitələrarası ticarətdə hansı təchizat zəncirindən keçdiyi nəzərə
alınacaq. Orta Dəhliz “yaşıl” olanda isə bir çox şirkətlər ona
üstünlük verəcək”, – deyə o bildirib.
Qeyd edək ki, Orta Dəhliz Çin və Aİ ölkələrininin konteynerlərlə
dəmir yolu yük daşımaları şəbəkələrini Mərkəzi Asiya, Qafqaz,
Türkiyə və Şərqi Avropa ölkələri vasitəsilə birləşdirir.
Çoxtərəfli, multimodal nəqliyyat infrastrukturu Xəzər dənizi və
Qara dənizin bərə terminallarını Çin, Qazaxıstan, Azərbaycan,
Gürcüstan, Türkiyə, Ukrayna və Polşanın dəmir yolu sistemləri ilə
birləşdirir.
Orta Dəhliz Çindən Türkiyəyə, eləcə də, Avropa ölkələrinə və əks
istiqamətdə yük axınının artmasına səbəb olur.
Bu dəhlizlə hərəkət edən qatarlar yükləri Çindən Avropaya orta
hesabla 20-25 gün ərzində çatdırır və bu qeyd olunan nəqliyyat
dəhlizinin əsas üstünlüklərindən biridir.
(Tərcümə: Rəna Əbdürəhmanova)



























