Advertisement

Bakıda çövkən üzrə dünya çempionatı start götürüb

Bakı. Trend:

Çövkən üzrə dünya çempionatının açılış mərasimi keçirilib.

Trend İdman.biz
istinadən xəbər verir ki, Binə Atçılıq Mərkəzində baş tutan
tədbirdə Azərbaycan Respublikasının Atçılıq Federasiyasının
prezidenti Elçin Quliyev, vitse-prezident, həmçinin Beynəlxalq
Çövkən Federasiyasının prezidenti Bəhruz Nəbiyev, federasiya
rəsmiləri və idman nümayəndələri iştirak ediblər.

Azərbaycan Respublikasının Atçılıq Federasiyasının birinci
vitse-prezidenti Bəsirət Quliyev bildirib ki, bu gün ikinci dəfə
start götürən dünya çempionatı ilə bağlı qürurla danışır: “Bu,
qədim və zəngin tarixə malik çövkən idman növünün inkişafına xüsusi
töhfə verir. Bu idman növü cənab Prezident İlham Əliyev və birinci
xanım Mehriban Əliyevanın xüsusi diqqət və qayğısı sayəsində
inkişaf edib və kütləviləşib. Beynəlxalq Çövkən Federasiyasının
məhz Azərbaycanda yaradılması xüsusi bir hadisədir. Bu bizim
ölkəmizdə bir ilkdir. İlk assembleya keçirildi və 19 ölkə bu
federasiyanın yaradılmasına dəstək verdi. Bu gün həmin ölkələrin
nümayəndələri Bakıdadır. Bütün bunlar çövkən idman növünün dünyada
tanınmasına böyük dəstək verir”.

Onun sözlərinə görə, Peşəkar Çövkən Liqasının yaradılması bu
idman növünün peşəkar səviyyədə inkişaf etməsinə səbəb olacaq:
“Məqsədimiz tarixi və mədəni irsimiz olan çövkəni inkişaf etdirərək
gələcək nəsillərə çatdırmaqdır. Bu çempionat dostluq, sülh notları
ilə yadda qalacaq. Bu çempionat çövkənin geniş kütlələrə çatması və
beynəlxalq arenalarda inkişaf etdirilməsinə böyük töhfə
olacaq”.

Beynəlxalq Çövkən Federasiyasının prezidenti Bəhruz Nəbiyev isə
dünya çempionatının əhəmiyyətinə diqqət çəkib. O bildirib ki, bu
cür tədbirlər çövkən idman növünün inkişafına təkan verərək,
populyarlaşmasına səbəb olacaq.

Nəbiyev ardınca dünya çempionatını açıq elan edib.

Rəsmi çıxışlardan sonra Dövlət Himni səsləndirilib. Sonra
çempionatın iştirakçılarının paradı baş tutub.

Qeyd edək ki, 10 komandanın iştirakı ilə bu gün start götürən
çövkən üzrə dünya iyunun 16-dək davam edəcək.