Advertisement

Millimizin yeni məşqçisi əsas komanda ilə vidalaşacağı vaxtı açıqlayıb

Bakı. Trend:

Rumıniyada Avropa çempionatının B divizionunda yaxşı çıxış
etməyə çalışacağıq.

Trend xəbər verir ki, bunu
İdman.biz
gənc basketbolçulardan (U-20) ibarət Azərbaycan millisinin yeni
məşqçisi Zaur Paşayev deyib.

Yığmada ispaniyalı Alberto Blankonun köməkçisi işləyəcək idmançı
etimadı doğrultmağa çalışacağını bildirib: “Məqsəd gələn ay
keçiriləcək Avropa çempionatında uğurlu çıxış etməkdir. Neçə
illərdir ölkəmizdə basketbol yox səviyyəsində idi. Emin Əmrullayev
Azərbaycan Basketbol Federasiyasına prezident seçildikdən sonra hər
şey yaxşı gedir. Basketbolda yenidən canlanma yaranıb. Uşaqlar
ürəklə məşq edirlər. Təlim-məşq toplanışlarında, yarışlarda çıxış
edirlər. Düzdür, neçə ildir basketbolun vəziyyəti ürəkaçan olmadığı
üçün komanda bir az zəifdir. Amma Rumıniyada uğurlu çıxış
edəcəyimizə inanıram”.

Paşayevin sözlərinə görə, milliyə məşqçi təyin olunmaq onun
basketbolçu karyerasına təsir etməyəcək: “Bu il noyabrda yığmada
son oyunuma çıxacam. Artıq cavanlar gəlir. Onlara yol açmaq
lazımdır. Amma çempionatda oynamağı düşünürəm. Yəqin ki, 2 ildən
sonra basketbolçu karyeramı yekunlaşdıracağam”.

Qeyd edək ki, U-20 millimiz iyulun 12-dən 21-ə kimi Rumıniyada
Avropa çempionatının B divizionunun B qrupunda Niderland, Böyük
Britaniya, Portuqaliya və İrlandiyaya ilə olacaq.