
Bakı. Trend:
Qazaxıstan zəif komanda deyil.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, bunu Peşəkar Futbol Liqasının sabiq
prezidenti Ramin Musayev deyib.
O, bu gün Macarıstanda keçiriləcək Azərbaycan – Qazaxıstan
oyununu dəyərləndirib. Musayevin sözlərinə görə, əvvəldən də tanış
rəqiblə qarşılaşma asan olmayacaq:
“Millimiz bu gün müvəqqəti məşqçi Arif Əsədovun rəhbərliyi
altında meydana çıxacaq. Futbolçu üçün bunun fərqi böyükdür. Çünki
komanda daimi baş məşqçi olduğu zaman daha məsuliyyətli oynayır.
Hər halda, təyin edilən məşqçi ən azından cavabdehlik daşıyar.
Bütün bunlarla yanaşı, hazırda futbolçuların istirahət vaxtıdır.
Baş məşqçi məsələsinə aydınlıq gəlsəydi, daha ürəklə oynayarlar.
Həmçinin artıq öz güclərini göstərməlidirlər. Bu gün üçün yaxşı
futbolçularımız var. Sadəcə onlardan yaxşı istifadə etmək
lazımdır”.
PFL-in sabiq rəhbəri Azərbaycan millisində baş məşqçi postuna
əcnəbinin gətirilməsinin də əleyhinə olduğunu vurğulayıb:
“AFFA-nın yeni prezidenti Rövşən Nəcəf bu sahədə düzgün qərar
verəcək. O, gəncdir və istəklidir. Bu sahədə 20 illik təcrübəsi
olan biri kimi deyə bilərəm ki, yerli baş məşqçidən yapışmaq
lazımdır. Fikrimcə, öz məşqçilərimizdən yaxşısı yoxdur. Yerli
futbolçularımızın nəyə malik oluğunu çox gözəl bilir. Ancaq ona da
müəyyən səlahiyyətlər verilməli və qarşısına “filankəsi
oynatmalısan” kimi şərtlər qoyulmamalıdır. Bir sözlə, xaricdə
ehtiyatda oturanları oynatmaq lazım deyil.
Praktikaya nəzər salsaq, əcnəbi baş məşqçilərlə nə əldə
etdiyimizi görərik. Bizə heç bir xeyirləri dəyməyib. Ona görə də
yalandan pul töküb xarici məşqçi gətirməyə ehtiyac yoxdur. Yerli
mütəxəssis nəticə verməsə, ən azı sabah şəhərə çıxanda azarkeşdən
çəkinəcək ki, qarşımı kəsib sual verərlər. Xarici məşqçi uduzanda
isə “nə edim belə alındı” deyir”.
Qeyd edək ki, Azərbaycan – Qazaxıstan görüşü saat 18:00-da start
götürəcək.





























