Advertisement

Kommersiya qurumlarının 80 faizi dövlət qeydiyyatına elektron qaydada alınıb

Bakı. Trend:

Cari ilin yanvar-may aylarında 5230 vahid kommersiya qurumu
dövlət qeydiyyatından keçib ki, bunun da 4695-i (89,8 faiz) yerli
investisiyalı, 535-i (10,2 faiz) xarici investisiyalı
qurumlardır.

Dövlət Vergi Xidmətindən Trend-ə verilən məlumata əsasən, dövlət
qeydiyyatından keçmiş kommersiya qurumlarının 4172-si (79,8 faizi)
elektron qaydada, 1058-i (20,2 faizi) kağız daşıyıcılarda edilmiş
müraciətlər əsasında qeydə alınıb.

Bu dövrdə qeydiyyatdan keçmiş yerli investisiyalı MMC-lərin
e-qeydiyyatının xüsusi çəkisi 89,3 faiz təşkil edib. Kommersiya
qurumlarının 4172-si elektron qaydada qeydiyyatdan keçib ki,
onlardan 3407-si “ASAN İmza”, 756-sı yeni üsul ilə (finkod + mobil
nömrə) edilmiş müraciətlər əsasında qeydə alınıb.

Bu il iyun ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya
qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 37 min 240
vahid təşkil edərək əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14,6
faiz artıb. ƏDV ödəyicilərinin ümumi qeydiyyatda xüsusi çəkisi 31,9
faiz təşkil edib.

2024-cü il iyun ayının 1-nə dövlət qeydiyyatında olan 116 min
774 kommersiya qurumunun vəziyyəti aktiv olub. 2023-cü ilin müvafiq
dövrünə nisbətən aktiv kommersiya qurumlarının sayı 10,8 faiz,
xüsusi çəkisi isə 1,5 faiz artıb.