Advertisement

Bu il hasil edilən qazın həcmi açıqlandı

Bakı. Trend:

2024-cü ilin yanvar – may ayları üzrə operativ məlumatlara
əsasən, 5 ay ərzində respublikada 20,9 milyard kubmetr təbii qaz
hasil edilib.

Energetikaq Nazirliyindən Trend-ə bildirilib ki, qazın 5,4
milyard kubmetri “Azəri-Çıraq-Günəşli”, 11,6 milyard kubmetri
“Şahdəniz”, 0,65 milyard kubmetri “Abşeron”, 3,2 milyard kubmetri
SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 0,7
milyard kubmetr artımla qaz hasil edilib.

5 ay ərzində xaricə qaz satışı 10,6 milyard kubmetr təşkil edib
ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,4 faiz çoxdur.
Avropaya 5,3 milyard kubmetr, Türkiyəyə 4,1 milyard kubmetr,
Gürcüstana isə 1,2 milyard kubmetr qaz satılıb. Türkiyəyə TANAP-la
bu müddətdə 2,3 milyard kubmetr qaz nəql olunub.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara
veriləndən 01 iyun 2024-cü il tarixinədək “Azəri-Çıraq-Günəşli”dən
221,8 milyard kubmetr, “Şahdəniz”dən isə 220,6 milyard kubmetr qaz
hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın
157 milyard kubmetri ixraca nəql edilib.

2024-cü ilin yanvar – may aylarında ölkədə 12 milyon ton neft
(kondensatla birlikdə) hasil edilib. Neft hasilatının 6,8 milyon
tonu “Azəri-Çıraq-Günəşli”nin, 1,8 milyon tonu (kondensat)
“Şahdəniz”in, 0,25 milyon tonu (kondensat) “Abşeron” yatağının
payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 3,1
milyon ton təşkil edib.

Hesabat dövründə 9,9 milyon ton neft (kondensatla birlikdə)
ixraca nəql olunub. Bunun 8,6 milyon tonu konsorsiumun, 1,3 milyon
tonu isə SOCAR-ın payına düşüb.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara
veriləndən 01 iyun 2024-cü il tarixinədək 637,9 milyon ton neft
(kondensatla birlikdə) hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 591,6
milyon ton neft, “Şahdəniz”dən isə 46,3 milyon tona yaxın kondensat
çıxarılıb. Bundan 01 iyun 2024-cü il tarixinədək təqribən 635,9
milyon tonu ixraca nəql edilib.

2024-cü ilin yanvar – may ayları ərzində neftin emalı 2,7 milyon
tona yaxın təşkil edib.