Bakı. Trend:
Azərbaycan millisi 2024-cü ilin startındakı qol seriyasını 4-ə
çatdırıb.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, Arif Əsədovun yetirmələri bu il keçirilən
bütün matçlarda qol vurub.
Monqolustan (1:0), Bolqarıstan (1:1) və Albaniyanın (1:3)
ardından Qazaxıstan da yığmamızın hücumları qarşısında aciz qalıb.
Komandamız bu dəfə 3:2 hesablı qələbə qazanıb.
Azərbaycan millisi ilin ilk 4 matçında qol vurmaqla tarixinin
rekordunu təkrarlayıb. Bunadək yalnız iki dəfə belə hadisə
yaşanıb.
1993-cü ildə cəmi 4 görüşə çıxan yığma bütün matçlarda
fərqlənib. Həmin vaxt komandamız 9 qola sevinib.
Həmin rekord 2010-cu ildə təkrarlanıb. Milli yenə ilk 4 oyunda
rəqib qapısına yol tapıb. Komandamız bu dəfə 6 qola sevinib. İndi
də 4 oyunluq seriyadakı qol sayı 6-ya bərabərdir.
Qeyd edək ki, yığmamız növbəti oyununu sentyabrın 5-də İsveçə
qarşı keçirəcək.





























