Advertisement

AYİB Orta Dəhlizin səmərəliliyinin artırılması üzrə layihələr müəyyən edib

Bakı. Trend:

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Orta Dəhlizin
səmərəliliyinin artırılması üzrə layihələr müəyyən edib.

Trend “Xəzər
Siyasət Mərkəzi”nə (Caspian Policy Center) istinadən xəbər verir
ki, bu barədə AYİB-in Avrasiya infrastrukturu üzrə direktoru
Yekaterina Miroşnik Londonda keçirilən Xəzər regionunda bağlantılar
üzrə 2-ci konfransda çıxışında deyib.

O, AYİB-in Mərkəzi Asiya regionunda apardığı son tədqiqatda
müəyyən edilmiş 30 potensial investisiya layihəsindən danışıb.

Miroşnik qeyd edib ki, tədqiqat şəbəkəni əhəmiyyətli dərəcədə
təkmilləşdirmək üçün beş Mərkəzi Asiya ölkəsinin hamısında
infrastruktura 18,5 milyard avro olaraq qiymətləndirilən
investisiyalara əsas prioritet ehtiyacları aşkarlayıb.

“Bu layihələrin heç biri tariflərin artırılması, bazarın
liberallaşdırılması və özəl sektorun iştirakı kimi tədbirlər
olmadan mümkün olmayacaq”, – o deyib.

Dünya Bankının İnkişaf üzrə məsləhətçisi Sofi İbbotson isə öz
növbəsində Orta Dəhlizin inkişafı istiqamətində əməkdaşlığın
zəruriliyindən danışıb.

“Orta Dəhlizin əsl cəlbediciliyi onun həm regiondaxili, həm də
regionlararası əlaqələrini yaxşılaşdırmaq potensialındadır”, – o
deyib.

Regional inkişafın təşviqi ilə bağlı problemləri şərh edən
İbbotson bildirib ki, yüksək nəqliyyat xərcləri Mərkəzi Asiyada
istehsalat artımını məhdudlaşdıran və iqtisadi artıma lazımsız
məhdudiyyətlər qoyan əsas amillərdən biridir.

“Nəqliyyat xərclərini azalda bilsək, Qazaxıstan, Özbəkistan,
Qırğızıstan, Tacikistan kimi ölkələr investorlar və satıla bilən
məhsullarla maraqlanan beynəlxalq alıcılar üçün daha cəlbedici
olacaq”, – deyə o aydınlıq gətirib.

X: @Lyaman_Zeyn

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun