Advertisement

KOB-ların satış imkanlarının genişləndirilməsi, alış-veriş, master-klasslar və mədəni proqram – “KOB FEST” başlayır

Bakı. Trend:

Mikro və kiçik sahibkarlıq subyektlərinin məhsullarının satışına
və bazarlara çıxış imkanlarının genişləndirilməsinə dəstək
məqsədilə ölkənin bir sıra regionlarında sərgi-satış yarmarkaları –
“KOB FEST”lər keçiriləcək. “KOB FEST” barədə suallarımızı Kiçik və
Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) əməkdaşı Firəngiz
Xəlilova cavablandırıb.

“KOB FEST” nədir?

Dövlət tərəfindən mikro və kiçik sahibkarlıq subyektləri
çoxşaxəli dəstək tədbirləri ilə əhatə olunub. Belə dəstək
istiqamətlərindən biri də KOB subyektlərinin satış və bazarlara
çıxış imkanlarının genişləndirilməsi ilə bağlıdır. KOBİA tərəfindən
də bu sahədə KOB subyektlərinə müxtəlif dəstəklər göstərilir.
Bunlardan biri də KOB-ların satış və bazarlara çıxış imkanlarını
genişləndirən sərgilərə çıxışa dəstək mexanizmidir. Bu mexanizm
çərçivəsində Agentlik hər il KOB-ların ödənişsiz olaraq müxtəlif
ixtisaslaşmış sərgi və yarmarkalarda iştirakına dəstək olur.
Bunlardan biri də “KOB FEST” sərgi-satış yarmarkalarıdır. Bu
yarmarka 2022-ci ildən etibarən keçirilir və KOB-lar tərəfindən
böyük maraq və rəğbətlə qarşılanır. Məqsəd KOB subyektlərinin
istehsal etdiyi məhsul və xidmətlərin geniş istehlakçı
auditoriyasına tanıdılması və satışına dəstək olmaq, istehlakçıları
KOB-ların məhsul və xidmətlərindən istifadəyə təşviq etməklə mikro
və kiçik sahibkarların inkişafını dəstəkləməkdir. Sərgi-satış
yarmarkaları həmçinin, həssas əhali qrupuna aid sahibkarlıq
subyektlərinin və sənətkarların satış imkanlarını artırmağı,
istehsalçıları və istehlakçıları bir platformada görüşdürməyi,
KOB-lar və təchizatçı şirkətlər arasında işgüzar əlaqələrin
qurulmasını hədəfləyir. Yarmarkalarda məhsul və xidmətlərini təqdim
edəcək mikro və kiçik sahibkarların iştirakı üçün ödəniş nəzərdə
tutulmur, bütün xərclər dövlət dəstəyi hesabına qarşılanır. 2024-cü
ildə də ölkənin bir sıra rayonlarında “KOB FEST” sərgi-satış
yarmarkalarının təşkil olunması nəzərdə tutulur.

Bu il “KOB FEST” hansı rayonlarda
keçiriləcək?

Builki “KOB FEST”lər Göygöl, Şəki, Gəncə, Naxçıvan və s. rayon
və şəhərlərdə təşkil olunacaq. Artıq Göygöl rayonunun ərazisində
keçiriləcək “KOB FEST” ilə bağlı sahibkarların məlumatlandırılması,
onlardan müraciətlərin qəbulu həyata keçirilir. Bu tədbir 5-7 iyul
tarixlərində Hacıkənd Xan Yaylağında keçiriləcək Milli Yaylaq
Festivalı çərçivəsində təşkil olunacaq.

Yarmarkalarda daha çox tədbirin keçirildiyi rayondan, eləcə də
ona yaxın bölgələrdən KOB-ların iştirakına üstünlük veriləcək. Bu
sahədə Agentliyin ölkənin 40-dan çox şəhər və rayonunda fəaliyyət
göstərən nümayəndələri – “KOB dost”ları yerlərdə sahibkarlarla
aktiv iş aparır.

Ümumilikdə 2024-cü ildə təşkil olunacaq “KOB FEST”lərin ölkə
üzrə əhatə dairəsi genişləndirilib. “KOB FEST”lər əsasən
regionlarda təşkil olunacaq. Bu, bölgələrdə fəaliyyət göstərən
mikro və kiçik sahibkarların satış imkanlarının artırılmasına və
bazarlara çıxışının genişləndirilməsi üçün daha çox dəstəyə
ehtiyacının olması ilə bağlıdır. Əvvəlki illərdən fərqli olaraq
builki “KOB FEST”lərdə daha çox KOB subyektinin iştirakına şərait
yaradılacaqdır.

Əvvəlki illərdə təşkil edilmiş “KOB FEST”lərə maraq necə
olub?

KOBİA 2022-ci ildən etibarən “KOB FEST” sərgi-satış
yarmarkalarını təşkil edir. İndiyədək bu yarmarkalar Bakı,
Sumqayıt, Gəncə, Şəki, Lənkəran, Şəmkir, Quba və s. şəhər və
rayonlarda keçirilib. Bu yarmarkalarda 600-ə yaxın mikro və kiçik
sahibkarlıq subyektinin istehsal etdiyi məhsul və xidmətlər
sərgilənib və satışı həyata keçirilib. Yarmarkalara KOB
subyektləri, yaradıcı şəxslər və sənətkarlar tərəfindən ümumilikdə
4 mindən çox çeşiddə məhsul və xidmətlər, o cümlədən qida və
qeyri-qida məhsulları, əl işləri, toxuculuq məhsulları, geyimlər,
aksesuarlar, dəri və taxtadan suvenirlər, keramika, rəsm əsərləri,
kitablar və s. çıxarılıb. İştirakçı sayı, məhsul çeşidi, eləcə də
sərgi ziyarətçilərinin sayının çox olması “KOB FEST”lərə maraqdan
xəbər verir. Bu tədbirlər həmçinin KOB subyektlərinə yeni
əməkdaşlıqların qurulması, B2B görüşlərin keçirilməsinə imkan
verib. “KOB FEST”lər həmçinin mikro və kiçik sahibkarların satış
bacarıqlarının inkişaf etdirilməsinə, bu sahədə təcrübələrini
artırmasına öz töhfəsini verib.

“KOB FEST”lərdə iştirak şərtləri necədir?

“KOB FEST” sərgi-satış yarmarkalarında mikro və kiçik
sahibkarlıq subyektləri, sənətkarlar və yaradıcı şəxslər iştirak
edə bilərlər. Yarmarkada iştirak etmək üçün mikro və kiçik
sahibkarlıq subyektlərindən yalnız Agentliyin saytında
yerləşdirilmiş onlayn müraciət formasını (https://smb.gov.az/az/contact-form/exhibition-form/1)
doldurmaqla qeydiyyatdan keçmələri tələb olunur. İştirakla bağlı
bütün xərclər KOBİA tərəfindən qarşılanacaq. “KOB FEST”lərdə
iştirak etmək istəyən KOB-ları, eləcə də ictimaiyyəti
məlumatlandırmaq məqsədilə əvvəlcədən yarmarkanın keçiriləcəyi
şəhər və rayonlar barədə mediada, Agentliyin saytında və sosial
şəbəkələrdəki hesablarında elanlar veriləcəkdir.

Bəs, “KOB FEST”lərdə sərgi ziyarətçilərini nələr
gözləyir?

“KOB FEST”lərin keçirilməsində başlıca məqsəd KOB-ların məhsul
və xidmətlərinin satışına dəstək göstərmək olsa da, yarmarkalar
çərçivəsində 3 gün müddətində mədəni-əyləncəli proqram da təşkil
olunacaq. Eyni zamanda yaradıcı şəxslər və sənətkarlar tərəfindən
master-klasslar keçiriləcək. Bir sözlə, yarmarkanı ziyarət edən
yerli əhali, qonaqlar və turistlər həm alış-veriş edə biləcək, həm
də əylənəcəklər. “KOB FEST”lərin həmçinin ölkəmizi ziyarət edən
turistlər üçün də maraqlı məkan olacağına inanırıq. Fürsətdən
istifadə edərək tur şirkətlərinə proqramlarına “KOB FEST”ləri də
salmağı tövsiyə edirik. Yarmarkalar turistlərə maraqlı hədiyyəlik
əşyalar almağa, milli təamlarımızı dadmağa, əyləncəli gün keçirməyə
imkan verəcəkdir.