Bakı. Trend:
2024-cü ildə Azərbaycanda ümumdaxili məhsulun (ÜDM) real
artımının 2,3 faiz olacağı, sonra isə 2025-ci ildə 2,4 faizə
çatacağı gözlənilir.
Trend bu
barədə Dünya Bankının “Qlobal İqtisadi Perspektivlər” (Global
Economic Prospects) adlı hesabatının iyun ayı buraxılışına
istinadən xəbər verir.
Qeyd etmək lazımdır ki, yanvar hesabatında Azərbaycanda real ÜDM
artımı 2024 və 2025-ci illər üzrə müvafiq olaraq 2,4 və 2,5 faiz
olaraq gözlənilirdi.
Dünya Bankı bu göstəricinin 2026-cı ildə də 2,4 faiz
səviyyəsində dəyişməz qalacağını gözləyir.
Bütünlükdə Cənubi Qafqazda artımın 2024-2026-cı illər ərzində
ildə təqribən 3,5 faiz səviyyəsində sabitləşəcəyi
proqnozlaşdırılır. Azərbaycanda 2023-cü ildə əhəmiyyətli dərəcədə
azalan karbohidrogen ixracının müəyyən qədər bərpası sayəsində
artım kontekstində canlanmanın olacağı gözlənilir. Eyni zamanda,
Ermənistan və Gürcüstanda iqtisadi artımın ləngiyəcəyi
proqnozlaşdırılır.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatlarına görə,
2024-cü ilin yanvar-aprel aylarında ölkədə ÜDM 2023-cü ilin eyni
dövrü ilə müqayisədə 4,3 faiz artaraq 38 milyard 181 milyon manata
çatıb.
2024-cü ilin hesabat dövründə 2023-cü ilin analoji dövrü ilə
müqayisədə qeyri-neft sektorunda əlavə edilmi. dəyər 7,7 faiz,
neft-qaz sektorunda isə 0,1 faiz artıb.
Qeyd olunan dövrdə ÜDM-in strukturunda sənayenin payı 40,3 faiz
olub.
Dövlət Statistika Komitəsinin məlumatlarına görə, ÜDM-in
strukturunda 9,5 faiz nəqliyyat vasitələrinin ticarəti və
təmirinin, 6,9 faiz nəqliyyat və anbar təsərrüfatının, 6 faiz
tikintinin, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və
balıqçılığın, 2,4 faiz – turizm sektorunun, 1,7 faiz informasiya və
rabitə sahəsinin payına düşür. ÜDM-in 20 faizi iqtisadiyyatın digər
sahələrinin payına düşür.
(Tərcümə: Rəna Əbdürəhmanova)



























