Bakı. Trend:
Lunyov çox səviyyəli futbolçudur.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, bunu “Qarabağ”ın sabiq kapitanı Maksim
Medvedev deyib.
O, Azərbaycan çempionunun qapıçı Andrey Lunyovla yollarını
ayırmasına münasibət bildirib. Medvedev rusiyalının gedişini ciddi
itki hesab edir:
“Düzdür, “Qarabağ”a gələndə müəyyən sıxıntıları, problemləri
vardı. Ancaq çalışdıq ki, qısa zamanda bu problemlərin həllinə
kömək edək. Belə də oldu, bir müddət sonra Lunyov məşqlərə tam
şəkildə qoşuldu. Əvvəllər az oynadığı üçün potensialını tam göstərə
bilmirdi. Ancaq baş məşqçi ona şans verdi və biz onunla Avropa
Liqasının 1/8 finalına qədər irəlilədik, ölkədaxili yarışlarda
qızıl dubl etdik. Ona görə də Lunyovun gedişi bizim üçün böyük
itkidir. O, peşəkardır”.
Sabiq “Qarabağ”lı Andreylə çox yaxın dost olduğunu da deyib:
“Həmişə əlaqə saxlayırıq. Lunyov ürəyimcə bir insandır. Bakıya
gəldiyi gündən onu dəstəkləyib, demişəm ki, nə ehtiyacın, problemin
olsa, birbaşa mənə zəng elə. Çünki “Qarabağ”a gəlməmişdən öncə də
biz tanış idik. Lunyov özünü hərtərəfli yaxşı göstərdi. Hamımız ona
minnətdarıq. Düzdür, indi yollarımız ayrıldı, başqa komandaya
keçdi. Ancaq bu da normaldır.
Futbolda daim eyni yerdə qalan futbolçular az olur. Çünki
futbolçu yenilik axtarır, daha yüksək qonorara gedir. Məncə, onları
da başa düşmək olar. Fikrimcə, Lunyovun gedişi “Qarabağ”a zərbə
oldu. İstərdim ki, komandada qalsın”.
Qeyd edək ki, “Qarabağ” 32 yaşlı qolkiperlə 2023/24 mövsümünün
sonunda başa çatan müqaviləni yeniləməyib. Ağdam klubu artıq ona
əvəzləyici də tapıb. Azərbaycan çempionu Almaniya vətəndaşlığına
malik 27 yaşlı xorvat qolkiper Fabiyan Buntiç 3 illik müqavilə
imzalayıb.





























