Bakı. Trend:
Bu gün Azərbaycanda əmək qabiliyyətli vətəndaşların sayı 5
milyon 195 min nəfərdir. Onlardan 4 milyon 900 mini iqtisadiyyatda
fəal şəkildə iştirak edir. Amma əmək müqavilələrinin sayı 1 milyon
749 mindir.
Trend xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət
komitəsinin iclasında deputat Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, bu, o deməkdir ki, vətəndaşların cəmi
35,6%-i əmək müqaviləsi ilə çalışır:
“Eyni zamanda, bu gün iqtisadiyyatda fəal olan, yəni, işləyən
vətəndaşların 65%-nin əmək müqaviləsi yoxdur. Yəni çalışan hər 100
vətəndaşın 65-i müqavilə olmadan işləyir. Rəsmi statistika onu
göstərir ki, əmək bazarında müqavilə baxımından münasibətlərin
leqallaşdırılması vacibdir.
Muzdlu işçilərin sayının artması, əmək müqaviləsi ilə
vətəndaşların işə cəlb edilməsinə ehtiyac var. Bu da həmin
şəxslərin əmək hüquqlarının qorunması baxımından, eləcə də, dövlət
büdcəsinə daxilolmaların artması və münasibətlərin
leqallaşdırılması baxımından önəmlidir”.



























