
Bakı. Trend:
“Azercell Telekom”, Azərbaycan Respublikası Elm və Təhsil
Nazirliyi və Təhsil İnstitutunun birgə əməkdaşlığı çərçivəsində
təşkil olunan “AZERCELL CUP 2024” müsabiqəsinin final mərhələsi
keçirilib.
Məktəblilərin informatika və kompüter elmləri sahəsində
inkişafının dəstəklənməsi məqsədi daşıyan “AZERCELL CUP 2024”-də
Bakı, Gəncə, Sumqayıt, Quba, Göyçay, Xaçmaz və Balakən
məktəblərinin 31 şagirdi yüksək nəticə göstərib. Müsabiqənin
şərtlərinə əsasən qaliblər növbəti tədris ilindən informatika fənni
üzrə beynəlxalq olimpiadalara hazırlıq dərslərinə cəlb
ediləcəklər.
Qeyd edək ki, 3 mərhələdən ibarət müsabiqə 6-7-ci sinif
şagirdlərinin alqoritmik təfəkkürünü ölçmək məqsədilə iki
proqramlaşdırma dili (Python və C++) vasitəsi ilə təşkil olunub.
Məktəblilərin yarış mühiti ilə tanışlığını təmin etmək üçün sınaq
imtahanı da keçirilib. Ümumilikdə müsabiqənin sınaq turu və birinci
mərhələsi üçün 2009 nəfər müraciət edib. Yarış əsnasında 5000-dən
çox həll qiymətləndirilib. Nəticələrə əsasən 165 nəfər yarımfinal
turunda, fərqlənmiş 51 nəfər isə finalda iştirak hüququ
qazanıb.
2017-ci ildən etibarən informatika fənni üzrə beynəlxalq
olimpiadalara hazırlıq prosesi “Azercell Telekom” MMC-nin dəstəyi
ilə həyata keçirilir. Bu müddət ərzində Azərbaycanın bölgələrindən
və paytaxt məktəblərindən olan şagirdlərimiz fərqli yaş qrupları
üzrə müxtəlif miqyaslı proqramlaşdırma müsabiqələrində ümumilikdə
70 medal əldə ediblər.



























