Advertisement

Ağırlıqqaldıranımız Avropa çempionu olu – Trend.Az

Bakı. Trend:

Yunanıstanın Saloniki şəhərində 15 və 17 yaşlı yeniyetmələr
ağırlıqqaldıranlar arasında Avropa birinciliyi davam edir.

Trend İdman.biz-ə istinadən
xəbər verir ki, bu gün Azərbaycan millisinin daha iki idmançısı –
Əbdülhüseyn Hüseynov və Kamran Xappayev körpücük üzərinə
çıxıblar.

Onlar yaşı 15-ə qədər olan atletlər arasında 61 kq çəki
dərəcəsində qüvvələrini sınayıblar.

Əbdülhüseyn Hüseynov toplam 207 kq (95+112) nəticə ilə yekun
sıralamada 6-cı yeri tutub.

Kamran Xappayev isə daha uğurlu çıxış edib. Atletimiz birdən
qaldırma hərəkətində 102 kq çəkini başı üzərinə qaldıraraq bu
hərəkətdə Avropa birinciliyinin qalibi olub.

O, eyni uğura təkanla qaldırma hərəkətində də nail olub. 125
kq-ı ram edən idmançı yenə də rəqiblərini qabaqlayaraq qızıl medala
sahib çıxıb.

Kamran Xappayev toplam 227 kq (102+125) nəticə ilə yekun
sıralamada da bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən
yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, iyunun 24-də başa çatacaq Avropa birinciliyinə 38
ölkədən 415 (198 qız + 217 oğlan) idmançı qatılıb. Yarışda
millimizin heyətində daha öncə Nuray Əbilova (U-15, 40 kq) birdən
qaldırma hərəkətində gümüş medal qazanıb.