Bakı. Trend:
“Sabah” komandasının yay hazırlıq planı bəlli olub.
Klubdan Trend-ə verilən məlumata görə, “tələbələr” növbəti
mövsümün hazırlıqlarına iyunun 20-də Masazırda yerləşən “Bank
Respublika Arena”da başlayacaq. İyunun 24-dən 29-dək Qəbələdə
hazırlıq keçəcək “bayquşlar” iyulun 1-də təlim-məşq toplanışın
ikinci mərhələsi üçün Sloveniyaya yollanacaq. Çatej-ob-Savi
qəsəbəsində məskunlaşacaq komanda burada 4 yoxlama oyunu keçirəcək.
İyulun 6-da Sloveniyanın “Koper”, 10-da Serbiyanın “Çukariçki”,
13-də Ukraynanın “Krivbass”, 17-də isə eyni ölkənin “Rux” (Lvov)
komandası ilə qarşılaşacaq.
Kollektiv iyulun 18-də Bakıya qayıdacaq.
Qeyd edək ki, ölkəmizi UEFA Konfrans Liqasında təmsil edəcək
“Sabah” mübarizəyə 2-ci təsnifat mərhələsindən qoşulacaq. Oyunlar
iyulun 25-də və avqustun 1-də baş tutacaq.





























