
Bakı. Trend:
Azərbaycanda danışılmış oyunlarda iştirak edənlərlə bağlı
yaranmış durum heç bir matçın nəticəsinə təsir etməyəcək.
Trend xəbər verir ki, bu
barədə İdman.biz-ə AFFA-dan məlumat verilib.
Bildirilib ki, bir neçə futbolçu danışılmış oyunlara görə
cəzalandırılıb, hətta futboldan ömürlük uzaqlaşdırılsa da, bu,
turnir cədvəlində hansısa dəyişikliyə səbəb olmayacaq. Komandalar
mübarizəsinə qaldığı yerdən davam edəcəklər. Bununla bağlı AFFA-nın
İntizam Komitəsi qərar verib.
Qeyd edək ki, AFFA-nın İntizam Komitəsinin qərarı ilə Fəhmin
Muradbəyli, Ege Atlam (hər ikisi “İrəvvan”, I Liqa) Rüfət Həsənov
(“Azərbaycan Qartalları”, uşaqlar) və Yusif Rüstəmov danışılmış
oyunlarda iştiraka görə ömürlük futbolla əlaqədar hər hansı
fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilib. Həmçinin, Ramin
Məhərrəmov, Kamal Mirzəyev (hər ikisi “İrəvvan”, I Liqa), Vüqar
Rəhimov (“Baku Sporting”, II Liqa), Xətai Ramazanlı (“Lerik”, II
Liqa) və Elvin Xudadatov (“Qusar”, II Liqa) fərqli müddətə
diskvalifikasiya olunublar.





























