
Bakı. Trend:
Azərbaycan Respublikası Hesablama Palatasının sədr müavini Nəsir
Sadıqovun rəhbərlik etdiyi nümayəndə heyəti 16-19 iyun tarixlərində
Braziliyanın Belem şəhərində keçirilən Ali Audit Orqanlarının (AAO)
3-cü SAI20 Sammitində (SAI20) ev sahibliyini həyata keçirən ölkənin
dəvəti əsasında iştirak edib.
Bu barədə Trend-ə Hesablama Palatasından məlumat verilib.
Azərbaycan nümayəndə heyətinin də geniş təqdimatla çıxış etdiyi
tədbirin yekununda Birgə Kommunike qəbul olunub. Bu sənəddə İqlim
Maliyyəsi və Enerji Keçidləri, Aclıq və Yoxsulluqla Mübarizə ilə
bağlı əsas məsələlər üzrə 20 AAO-nun kollektiv mövqeyi və
tövsiyələri əksini tapıb.
Hesablama Palatasının sədr müavini Nəsir Sadıqov INTOSAI-ın və
Braziliya Hesablama Məhkəməsinin prezidenti Bruno Dantasla görüşüb,
qurumlar arasında əməkdaşlıq məsələləri müzakirə olunub. Görüş
zamanı Bruno Dantas ölkəmizin COP29-a ev sahibliyi ilə bağlı
təbriklərini çatdırıb və Bakıya səfərini səbrsizliklə gözlədiyini
qeyd edərək gələn il COP30 tədbirinin məhz Belem şəhərində
keçirilməsinin planlaşdırıldığını vurğulayıb.
Öz növbəsində Hesablama Palatasının sədr müavini Braziliya
tərəfinə Hesablama Palatasını müxtəlif beynəlxalq təşkilatlarda
dəstəklədiyinə görə təşəkkürünü çatdırıb və əlaqələrimizin
inkişafının davam etdirilməsinin zəruriliyini bildirib.
Qeyd edək ki, dünyada nüfuzlu təşkilat olan SAI20 G20-yə üzv
ölkələrin AAO-ları arasında əməkdaşlığın gücləndirilməsində
həlledici rol oynayır, qlobal idarəçilikdə şəffaflıq, hesabatlılıq
və effektivliyi təşviq etmək öhdəliyi daşıyır.



























