Advertisement

“Zirə” Avropa Liqası üçün heyətini gücləndirməlidir – Aftandil Hacıyev

Bakı. Trend:

Son matçlar “Zirə”nin oyununda inkişafın, irəliləyişin olduğunu
göstərir. Onlar çempionatın son dövrəsini yaxşı keçirdilər və
kubokun finalında “Qarabağ”a qarşı çox yaxşı oynadılar.

Trend xəbər verir ki, bunu
İdman.biz
Azərbaycan millisinin sabiq futbolçusu Aftandil Hacıyev deyib.

Veteran futbolçu Avropa Liqasının püşkünü dəyərləndirib. O,
“qartallar”ın Moldova “Şerif”i ilə dueldə uğurlu çıxışı üçün nələrə
diqqət yetməli olduğunu açıqlayıb:

“Heyət mütləq güclənməlidir. Rəşad Sadıqov və klub rəhbərliyinin
qarşısında ən vacib məsələ transferlərlə bağlıdır. Rəqiblərin hər
birinin “Zirə”dən avroliqa təcrübəsi daha çoxdur. “Şerif” demək
olar ki, hər il beynəlxalq arenada mübarizə aparır. Bir neçə mövqe
var ki, onlar güclənərsə, “Zirə” hər bir rəqibə qarşı inamlı
mübarizə aparacaq və nəticə də qazana biləcək”.

Qeyd edək ki, “Zirə” I təsnifat mərhələsində “Şerif” səddini
aşarsa, ardınca “Elfsborq” (İsveç) – “Pafos” (Kipr) cütünün qalibi
ilə görüşəcək. Əks təqdirdə, Konfrans Liqasının II təsnifat
mərhələsində komandamızın rəqibi “Dunayska Ştreda” (Slovakiya)
olacaq.