
Bakı. Trend:
Sərgidə 150-dən çox yerli şirkətin məhsul və xidmətləri,
yeni brendlər nümayiş olunacaq.
İyunun 24-də Bakı Ekspo Mərkəzində “Yerli şirkətlərin tanıtım
sərgisi”nə start veriləcək. Bu il 5-ci dəfə keçiriləcək sərgidə
qida, İKT, təhsil, inşaat, sənaye, logistika, tekstil və digər
sahələrdə fəaliyyət göstərən 150-dən çox yerli şirkət öz məhsul və
xidmətlərini nümayiş etdirəcək.
Sərginin əsas məqsədi Azərbaycan şirkətlərinin fəaliyyətini
geniş kütləyə tanıtmaq, onlar üçün yeni bazarlar açmaq və şirkətlər
arasında qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməkdir.
Ziyarətçilər sərgidə müxtəlif sektorlarda fəaliyyət göstərən
şirkətlərin yeni məhsul və xidmətləri ilə də yaxından tanış ola
biləcəklər.
İyunun 26-dək davam edəcək sərgi Kiçik və Orta Biznesin İnkişafı
Agentliyi (KOBİA) və “Marsol Group”un birgə təşkilatçılığı ilə
keçiriləcək. Sahibkarlığın İnkişafı Fondu, Dövlət Məşğulluq
Agentliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər)
Təşkilatları Milli Konfederasiyası, İş adamları Cəmiyyətinin Milli
Assosiasiyası və s. dövlət və özəl təşkilatlar sərginin
tərəfdaşları sırasındadır.
Sərgidə ziyarətçi qismində iştirak ödənişsizdir. Sərgi
günlərində “Koroğlu” metro stansiyasından (“Alov” parkı, Nəqliyyat
Mübadilə Mərkəzi istiqamətində) Bakı Ekspo Mərkəzinə pulsuz marşrut
fəaliyyət göstərəcək.
Sərgi ilə bağlı ətraflı məlumat və ziyarətçi kimi qeydiyyatdan
keçmək üçün: https://bit.ly/3wCsw3B



























