Advertisement

Azərbaycan, İran və Rusiya avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşımaları müzakirə etdi

Bakı. Trend:

Azərbaycan, İran və Rusiya arasında avtomobil nəqliyyatı ilə
yükdaşımalar sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə
edilib.

Trend xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat
Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan, İran və Rusiya nümayəndələrinin
avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşımalar məsələləri üzrə
üçtərəfli görüşü keçirilib. Görüşdə hər üç tərəfdən avtomobil
nəqliyyatı sahəsi və gömrük xidmətinin, avtomobil nəqliyyatı ilə
beynəlxalq yük daşıyıcıları assosiasiyalarının nümayəndələri, eləcə
də daşıyıcı şirkətlərin rəhbərləri iştirak ediblər.

Nümayəndə heyətləri Azərbaycan Respublikasının Astara, Xanoba,
İran İslam Respublikasının Astara və Rusiya Federasiyasının
Taqirkənd sərhəd-keçid məntəqələrinə səfər ediblər.

Tərəflər sərhəd-keçid məntəqələrində nəqliyyat vasitələrinin
sərhəddən keçməsi prosesi, gömrük yoxlaması və sənədlərin
rəsmiləşdirilməsi qaydası ilə tanış olublar.

Qeyd edək ki, Azərbaycan tərəfində yaradılan infrastruktur
mövcud şəraitdə istənilən avtomobil axını üçün buraxılış imkanı
təmin edə bilir.

Daha sonra Dərbənd şəhərində keçirilən görüşdə nəzarət-buraxılış
məntəqələrində yoxlamalar, nəqliyyat vasitələrinin gözləmə
müddətinin azaldılması istiqamətində tədbirlər, beynəlxalq
avtomobil daşımaları bazarında Azərbaycan, İran və Rusiya
daşıyıcılarının payının artırılması və digər məsələlər müzakirə
edilib.

Görüş zamanı Şimal – Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin
potensialı və perspektivləri haqqında fikir mübadiləsi
aparılıb.

Tərəflər Azərbaycan, İran və Rusiyanın tranzit potensialından
tam həcmdə istifadəsi və Şimal – Cənub Beynəlxalq Nəqliyyat
Dəhlizinin inkişaf etdirilməsi məqsədilə əməkdaşlığın
gücləndirilməsinin vacibliyini qeyd ediblər.