Bakı. Trend:
Türkiyə və Portuqaliya yığmaları ilk oyunda qələbə
qazandıqlarından bu görüş çox maraqlı olacaq.
Trend xəbər verir ki, bunu
İdman.biz-ə
Azərbaycanın U-18 millisinin baş məşqçisi Elxan Abdullayev
deyib.
O, bu gün AVRO-2024-də baş tutacaq 3 oyunu şərh edib.
Abdullayevin sözlərinə görə, F qrupunda keçiriləcək Türkiyə –
Portuqaliya qarşılaşması hər iki komanda üçün əhəmiyyətlidir: “Hər
2 yığmanın 3 xalı var. Qrupda top fərqinə görə, Türkiyə birinci,
Portuqaliya ikinci yerdə qərarlaşıb. Bugünkü matçın nəticəsi hər
şeyi həll edə bilər. Əlbəttə, Portuqaliyanı üstün sayıram. Güclü
futbolçulardan ibarət ulduz komandadır. Türkiyə ilk turda
Gürcüstanla matçda qələbə qazansa da, müdafiəsində böyük problemlər
var. Gürcülər ən azı 4-5 qol epizodunu boşa verdilər. Yəni duelin
favoriti Portuqaliyadır və oyunda dominantlığı tamamilə ələ alacaq.
Türkiyə bu matçda uduzsa belə şansı qalacaq. Son turda Çexiyaya
qalib gələ bilərlər”.
Onun sözlərinə görə, eyni qrupda oynanılacaq Gürcüstan – Çexiya
matçında ikincilərin qələbə qazanacaqlarına inanır: “Gürcülərin ilk
qarşılaşmada yaxşı şansları olsa da, qolları vura bilmədilər. Hər
iki komandanın bu gün son şansıdır. Çünki hansısa qələbə qazana
bilməsə, axırıncı tur çətin olacaq. Fikrimcə, nə olursa-olsun
qrupdan çıxmaq istəyirlərsə, bu gün riskə getməlidirlər. Olduqca
maraqlı matç olacaq. Çexiyanın müdafisəi çox güclüdür, gürcülər qol
vurmaq üçün əziyyət çəkəcəklər. Məncə, çexlər bu oyunda
uduzmayacaqlar, ən pis halda heç-heçə edəcəklər”.
O, E qrupunda baş tutacaq Belçika – Rumıniya matçını da
dəyərləndirib: “Rumınlar birinci oyunda Ukraynanı darmadağın
ediblər. Lakin buna baxmayaraq, Belçika rəqibindən çox üstündür.
Fikrimcə, onlar Slovakiyaya uduzandan sonra bu rəqibi yaxşı analiz
ediblər. Bu səbəbdən də rumınlara rahatlıqla qalib gələcəklərini
düşünürəm”.
Qeyd edək ki, qarşılaşmalar bu gün saat 17:00-dan start
götürəcək.





























