Advertisement

Badmintonçularımız Novı Saddan 4 medalla qayıdır (FOTO)

Bakı. Trend:

Novı Sad şəhərində yeniyetmə badmintonçular “Serbian Youth
International 2024” turniri keçirilib.

Trend İdman.biz-ə istinadən
xəbər verir ki, Azərbaycan millisi yarışda 1 qızıl, 2 gümüş və 1
bürünc medal qazanıb.

9 yaşadək bamdintonçu qızların şəxsi yarışında Mələk Təhməzli
qrup mərhələsini 2 qələbə ilə başa vuraraq uğurlu seriyanın
davamını yarımfinalda da gətirib. Həlledici görüşdə 3 setin
yekununda Kipr badmintonçusuna qalib gələn Mələk Təhməzli qızıl
medal qazanıb.

Ömər Teymurlu 13 yaşadək oğlan bamdintonçuların şəxsi
mübarizəsində finala kimi irəliləyib. Bu kateqoriyada 4 qələbə
qazanan Ömər finalda macar rəqibinə uduzaraq gümüş medala
yiyələnib.

13 yaşadək oğlan badmintonçuların qoşa yarışında da gümüş medal
Azərbaycan təmsilçilərinin hesabına yazılıb. Mübarizəyə 1/8
finaldan başlayan Ömər Mehdi-Ömər Teymurlu tandemi ardıcıl 3 qələbə
sayəsində finala yüksəlib. Bamdintonçularımız qızıl medalın bir
addımlığında Macarıstan badmintonçularına uduzaraq bu kateqoriya
üzrə yekun sıralamada ikinci sırada qərarlaşıb.

İsmayıl Qarayev və Həsən Məmmədov isə 11 yaşadək oğlan
badmintonçuların qoşa yarışında bürünc medal qazanıb.

Qeyd edək ki, il ərzində mütəmadi olaraq bir neçə beynəlxalq
turnirdə iştirak edən yeniyetmə badmintonçularımız 2022-ci ildən
ənənəvi olaraq keçirilən “Serbian Youth International” turnirinə
geniş heyətlə qatılır. 2 il öncə turnirdə bürünc medal qazanan
yeniyetmə badmintonçularımız, 2023-cü ildə “Serbian Youth
International” turnirində 1 gümüş və 2 bürünc medalla
fərqlənib.