
Bakı. Trend:
Gürcüstanın paytaxtı Tbilisidə keçirilən cüdo üzrə “Böyük
Dəbilqə” turniri bu gün başa çatacaq.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, yarışın son günündə Azərbaycan millisinin
4 üzvü tatamiyə çıxıb.
Elcan Hacıyev (90 kq), Vüqar Talıbov (90 kq), Uşanqi Kokauri
(+100 kq) və Camal Qamzatxanov (+100 kq) yarışıblar.
Kişilər
90 kq
90 kq çəki dərəcələrində Elcan Hacıyevlə Vüqar Talıbov fərqli
nəticələr göstəriblər. Vüqar 1/32 finalda slovakiyalı Aleks Bartonu
mübarizədən kənarlaşdırsa da, növbəti görüşdə yerli Laşa Bekauriyə
uduzub.
Elcan isə ilk mərhələdən azad olub. O, 1/16 finalda Jamal
Peterqreyvə (Böyük Britaniya), 1/4 finalda İvan Felipe Silva
Moraleşə (Kuba) qalib gəlib. Hacıyev yarımfinal uğrunda Peter Jilka
ilə qarşılaşıb və qələbə qazanıb. O, yarımfinalda Juyeop Handan
güclü olub. Hacıyev qızıl uğrunda görüşdə Vüqar Talıbovı
mübarizədən kənarlaşdıran Laşa Bakeuri ilə üz-üzə gələcək.
+100 kq
Uşanqi Kokauri “Böyük Dəbilqə”də finala yüksəlib. O, Marvin Qadau
(Monako), Utkirbek Turoboyev (Özbəkistan) və Saba İnaneşvilini
(Gürcüstan) mübarizədən kənarlaşdırıb. O, yarımfinalda kubalı Endi
Qrandadan güclü olub. Uşanqi finalda yerli idmançı Quram Tuşuşvili
ilə yarışacaq.
+100 kq çəki dərəcəsində yarışan digər təmsilçimiz Camal
Qamzatxanov ilk görüşdə mübarizəni dayandırıb.
Qeyd edək ki, “Böyük Dəbilqə”nin ilk günündə Azərbaycan millisi
2 medal qazanıb. Balabəy Ağayev (60 kq) və Ruslan Paşayev (66 kq)
3-cü yeri tutublar.





























