Advertisement

Savçukla görüş mənim üçün xoş bir revanş oldu – Zeynəb Rəhimova

Bakı. Trend:

Çox sevinirəm ki, öz vətənimdə keçirilən beynəlxalq turnirdə
çempion oldum.

Trend İdman.biz
istinadən xəbər verir ki, bunu Azərbaycan millisinin boksçusu
Zeynəb Rəhimova (54 kq) deyib.

Bakıda keçirilən “Böyük İpək Yolu” beynəlxalq turnirində qızıl
medal qazanan idmançı qələbəsini şərh edib.

O bildirib ki, paytaxtdakı döyüşdə Avropa çempionatındakı
məğlubiyyətinin də revanşını alıb:

“Finala gedən yolda italiyalı Alyona Savçukla üz-üzə gəldim.
Onunla daha öncədən tanış idik. 2022-ci ildə Budvada keçirilən
Avropa çempionatında qarşılaşmışdıq və uduzmuşdum. Bu baxımdan sırf
bu görüş mənim üçün xoş bir revanş oldu. Düzdür, qarşılaşma çətin
keçdi. Savçuka əvvəl məğlub olduğumdan psixoloji gərginliyim vardı.
Amma hər şey istədiyim kimi alındı. Öz vətənimdə onu məğlub etməyi
bacardım”.

O, qızıl medal görüşünün də gərgin alındığını deyib:

“Finalda özbək boksçu ilə döyüşdüm. Onu 4:1 hesabla məğlub
edərək qızıl medala yiyələndim və Azərbaycan himnini səsləndirdim.
Qarşıda bizi Avropa çempionatı gözləyir. Bu yarışa da tam gücümlə
hazırlaşıram. İnanıram ki, qitə birinciliyində də çempion
olacağam”.

Qeyd edək ki, Rəhimov finalda özbəkistanlı Şahina Nematovanı
məğlub edib.