
Bakı. Trend:
Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış
tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı
vasitələri taksi minik avtomobilləri ilə sərnişin daşımalarında
istifadə oluna bilməz.
Trend xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi
“Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında
istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri,
daxili və xarici tərtibatına dair tələblər”in təsdiq edilməsi
haqqında qərarda əksini tapıb.
Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış
tarixindən 8 ildən artıq müddət keçmiş avtonəqliyyat vasitəsinə
“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun
15.2-ci maddəsi ilə müəyyən edilən buraxılış kartı verilmir.
Bu qərar taksi fəaliyyəti ilə məşğul olan və 15
ildən artıq müddəti keçən avtomobil nəqliyyatı vasitələrinin
qiymətinə necə təsir edəcək?
Yeni qərardan sonra elan saytlarında “Prius”ların satış elanları
kəskin artıb.
Məsələ ilə bağlı Trend-ə açıqlamasında nəqliyyat məsələləri üzrə
ekspert Elnur Sərdarlı bildirib ki, taksi fəaliyyəti ilə məşğul
olanlar, əsasən, “Toyota Prius” markalı avtomobillərdən istifadə
edir.
“Yeni qərardan sonra elan saytlarında “Prius”ların satış
elanları kəskin artıb. Dünən elan saytlarında 443 “Prius” markalı
avtomobil satışa çıxarılmışdısa, artıq bu saata olan məlumata görə,
avtomobillərin sayı 1200-dür. Satışa çıxarılan “Prius”ların 95%-i
2008-ci ilə qədər olan avtomobillərdir.
Ümumiyyətlə, taksi fəaliyyətində istifadə edilən “Prius”ların
60%-nin buraxılış tarixindən 15 ildən artıq vaxt keçib. Bu da
təqribən 30 min avtomobil edir. Hazırda dünənə qədər 12,500 manata
satılan “Prius”ları 10500-10000 manata almaq olur. Qiymətlərin daha
da ucuzlaşması gözlənilir”, – deyə o qeyd edib.
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfər isə bildirib ki,
buraxılış tarixindən 15 ildən artıq müddəti keçən “Prius”ların
qiyməti ucuzlaşa bilər.
“Lakin bu avtomobillərin qiymətinin kəskin ucuzlaşacağını
düşünmürəm. Bir zamanlar bu markalı avtomobillər ölkəmizə çox
daşınıb. Onların içində yararlı və yararsız avtomobillər də olub.
Əgər taksilərin sayı kəskin azalacaqsa, bu zaman fərdi nəqliyyat
vasitələrindən istifadə də artacaq. Bundan başqa, ictimai
nəqliyyatın avtobus, metro seqmenti gücləndirilməsə paytaxtımız
avtomobilləməyə meyilli olacaq. Belə də yenə nəqliyyat vasitələrinə
tələbat artacaq. Bir reallığı da nəzərə almaq lazımdır ki hər adam
yeni avtomobil ala bilmir”.
Ekspert bildirib ki, taksilərlə bağlı tələblər bu il yanvar
ayının 1-dən elan edilməli idi.
“Dövlət sosialyönümlü siyasətini davam etdirərək, taksi
fəaliyyəti ilə məşğul olan şəxslərə bir qədər möhlət verdi.
Düşünürəm, bu doğru addımdır. Taksidə peşəkar adamlar
çalışmalıdır”, – deyə ekspert qeyd edib.



























