
Bakı. Trend:
Bizi çox maraqlı Avropa çempionatı gözləyir. Bütün millilərin
heyəti güclənib.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, bunu minifutbol üzrə Azərbaycan
millisinin baş məşqçisi Elşad Quliyev deyib.
Təcrübəli mütəxəssis aprelin 4-də atılacaq AVRO-2024-ün püşkünə
münasibət bildirib.
Onun sözlərinə görə, ikinci səbətdə çox güclü rəqiblər yer
alıb:
“Qrupdan çıxmaq üçün daha münasib rəqiblərin düşməsini istərdik.
İlk hədəf budur. İkinci səbətdə olan millilər çox güclüdür.
Portuqaliya, İspaniya isə 3-4-cü səbətlərdə yer alır. Onlarla bir
qrupda olmaq istəməzdik”.
Avropa çempionu qitə çempionatında əsas hədəflərini də
açıqlayıb:
“Azərbaycan Minifutbol Liqası çox yaxşı keçir. Çempionatın belə
uzun davam etməsi də müsbət haldır. Futbolçular hər həftə
oynayırlar və formada qalırlar. Bu bizim üçün böyük üstünlükdür.
Aprelin sonu mayın əvvəlində bizi Monteneqroda beynəlxalq turnir
gözləyir. Orada taktiki və texniki cəhətdən işləyib,
çatışmazlıqları aradan qaldırmağa çalışacağıq. Son Avropa çempionu
olduğumuza görə ən azı final oynamaq istəyirik. Planlarımızı onun
üzərində qurmuşuq”.
Qeyd edək ki, Avropa çempionatı iyunun 1-9-da Bosniya və
Herseqovinada keçiriləcək. Yığmamız püşkatmada 1-ci səbətdə yer
alıb.





























