
Bakı. Trend:
Ötən İran ilində (21 mart 2023 -19 mart 2024) İranın şimalında
yerləşən Gilan vilayətinin Astara dəmiryol terminalı üzərindən
məhsul tranziti öncəki illə (21 mart 2022 -20 mart 2023) müqayisədə
36% artıb.
Trend-in məlumatına görə, bunu İranın Şimal Dəmiryol İdarəsinin
baş direktoru Qulamhüseyn Vələdi deyib.
Q.Vələdinin sözlərinə görə, ötən İran ilində Astara dəmiryol
terminalı ilə tranzitin həcmi təxminən 299 min (298 787) ton təşkil
edib.
Vələdi deyib ki, əsasən, un, darı, buğda və arpa, şüşə, ağac və
ağac materialları və sair tranzit olunan məhsullardır.
O əlavə edib ki, ötən İran ilində Astara dəmiryol terminalı
vasitəsilə Azərbayana təxminən 184 min ton məhsul ixrac olunub.
Məhsul ixracı öncəki illə müqayisədə 8% azalıb. Öncəki ildə İranın
Azərbaycana Astara dəmiryol terminalı ilə məhsul ixracı 199 min ton
təşkil edib.
“İran Astara dəmiryol terminalı ilə Azərbaycana əsasən müxtəlif
növ meyvə, soğan, sement, kimyəvi maddələr, keramika, dəmir filizi,
mineral sular və sair ixrac edib”, – deyə o qeyd edib.
İranlı rəsmi vurğulayıb ki, ötən ildə İranın Astara dəmiryol
terminalı ilə məhsul idxalı təxminən 232 min ton təşkil edib. Bu
isə öncəki illə müqayisədə 53% çoxdur. Öncəki ildə İranın Astara
dəmiryol terminalı ilə məhsul idxalı təxminən 152 min ton təşkil
edib.
Onun sözlərinə görə, İran Astara dəmiryol terminalı vasitəsilə,
əsasən un, darı, buğda, arpa, şüşə, ağac və ağac materialları idxal
edib.
Bildirək ki, hazırda İranda dəmiryol xətlərinin uzunluğu 14 984
kilometrdir. İranın dəmiryol xətlərində 993 lokomotiv, 29 950 yük
vaqonu və 2 178 sərnişin vaqonundan istifadə olunur.



























