
Bakı. Trend:
Ramazan ayında toy məclisləri keçirilmədiyindən zərgərlik
bazarında alıcılıq aşağı düşür.
Bunu Trend-ə
açıqlamasında Azərbaycan Zərgərlər Assosiasiyasının sədri Toğrul
Abbasquliyev bildirib.
Onun sözlərinə görə, apardılan müşahidələrə əsasən, alıcılıq
qabiliyyəti 50% aşağı düşüb.
“Qızıl bazarında 8 Mart və Novruz bayramı öncəsi aktivlik var
idi. Lakin ümumi götürdükdə bazarda alıcılıq zəif olub. Çünki bu
ayın bayram günlərində insanlar istirahət etməyə daha çox üstünlük
verirlər.
Lakin son üç ildə ölkəmizdə zinət bazarı böyük inkişaf
dinamikası keçib. 2020-ci ildə zərgərlik bazarının dövriyyəsi 32
milyon manat idisə, 2023-cü ildə bu rəqəm 230 milyon manatı keçdi.
Ancaq son altı ayda bazarda ciddi zəifləmə müşahidə olunur. Bunun
əsas səbəbi xam qızılın qiymətində ciddi artımın olmasıdır. Bu da
məmulatların qiymətinə təsir edir və alıcılıq qabiliyyəti aşağı
düşür”.
T.Abbasquliyev qeyd edib ki, zərgərlik bazarında qiymətlərin
bahalaşıb-ucuzlaşması bayramla bağlı deyil.
“Ümumi götürdükdə zərgərlik bazarı qiymətli metalların və
daşların birja qiyməti ilə tənzimlənir. Son beş il ərzində
zərgərlik bazarında mart ayının əvvəlində bahalaşma olur. Bu da
dünyada 8 Mart bayramı münasibətilə zərgərlik məmulatlarının
satışının artması ilə bağlıdır. Dünyada hasil olunan qızılın 52%-i
zərgərlik məmulatlarının istehsalına yönəldilir”, – deyə o
yekunlaşdırıb.



























