Advertisement

Avropa çempionatında yüksək nəticələr əldə etmiş güləşçilərlə və Xarici Dillər Təmayüllü Gimnaziyada təhsil alan şagird-güləşçilərlə görüş keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Güləş Federasiyasının prezidenti, iqtisadiyyat naziri
Mikayıl Cabbarov, gənclər və idman naziri Fərid Qayıbov, elm və
təhsil naziri Emin Əmrullayev Rumıniyada keçirilmiş Avropa
çempionatında yüksək nəticələr əldə etmiş güləşçilər və məşqçi
heyəti ilə görüşüblər.

Trend xəbər verir ki, Mərdəkan qəsəbəsində yerləşən Süleyman
Rüstəm adına Xarici Dillər Təmayüllü Gimnaziyada keçirilən görüşdə
vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
idmanın inkişafına verdiyi önəm, müxtəlif idman növlərinin
tərəqqisi və beynəlxalq arenada uğurlara imza atan milli
idmançılarımızın yetişdirilməsi Azərbaycanın idman ölkəsi kimi
şöhrətini artırır.

Bu sahədə qədim ənənələrə, formalaşmış məktəbə malik güləş
xüsusi yer tutur. Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya
Komitəsinin dəstəyi ilə Azərbaycan Güləş Federasiyasının fəaliyyəti
bu idman növünün inkişafını daha da stimullaşdırır, populyarlığını
və kütləviliyini artırır.

Qeyd edilib ki, güləşçilərimiz bu il də ənənəyə sadiq qalaraq,
qitə birinciliyində böyük uğurlar qazanıblar. Yunan-Roma güləşi və
sərbəst güləş üzrə millilərimiz komanda hesabında ilk üçlükdə yer
alıb. Qadın güləşçilərimiz də son 8 ilin ən yaxşı nəticəsinə imza
atıblar. Bundan başqa, Azərbaycan yunan-Roma güləşi tarixində ilk
dəfə Avropa çempionatında 3 qızıl medal qazanıb. Rumıniyada
keçirilən bu yarışda ümumilikdə 16 (5 qızıl, 3 gümüş, 8 bürünc)
medal əldə edilib. Bu nəticə ilə Azərbaycan Avropada 2-ci yeri
tutub.

Tədbir iştirakçıları gimnaziyada yaradılmış şəraitlə tanış
olublar. 1960-cı ildən fəaliyyət göstərən gimnaziyanın ərazisindəki
məktəb və yataqxana binaları istismara yararsız vəziyyətdə
olduğundan sökülüb, yerində 2021-ci ildə Heydər Əliyev Fondunun
təşəbbüsü ilə yeni bina inşa edilib.

Hazırda Elm və Təhsil Nazirliyi və Azərbaycan Güləş
Federasiyasının dəstəyi ilə ölkənin müxtəlif bölgələrindən 50-yə
yaxın yeniyetmə güləşçi gimnaziyada təhsil alır. Qida və yataqxana
ilə təmin edilən məktəblilər tədrislə yanaşı, bütün zəruri
avadanlıqlarla təchiz olunan kompleksin idman zalında sərbəst və
yunan-Roma güləşi üzrə təlim-məşq prosesində iştirak edirlər.
5-11-ci siniflərdə oxuyan güləşçilər bu mühitdə daha yüksək bilik
və bacarıqlara yiyələnmək imkanı qazanırlar. Növbəti tədris ilindən
gimnaziyaya daha çox güləşçi-şagirdin cəlb edilməsi planlaşdırılır.
Bu layihə Azərbaycan güləşinin inkişafında, yeni sağlam nəslin
formalaşmasında əhəmiyyətli rol oynayacaq.

Həmçinin tədbirdə bildirildi ki, Avropa çempionatı kimi mötəbər
yarışda uğurlu nəticələr sərgiləmiş idmançılarla görüşün
gimnaziyada keçirilməsi təsadüfi deyil. Burada təhsil alan
yeniyetmə güləşçilərin peşəkar güləşçilərlə yaxından tanış olması,
uğurlarına şahidlik etməsi onlara bu sahədə inkişaf etmək üçün
əlavə stimul olacaq.

Xarici dillər təmayüllü gimnaziya 1029 yerlikdir. Yeni binada
sinif, laboratoriya, informatika və hərbi hazırlıq otaqları,
kitabxana və yeməkxana yaradılıb. Kompleksin həyətində yerləşən 3
mərtəbəli yataqxana korpusu 185 yerlikdir. Burada sinif və yataq
otaqları, yeməkxana, akt və qapalı idman zalları fəaliyyət
göstərir. Eyni zamanda, açıq havada futbol və idman meydançası
mövcuddur.

Tədbirin sonunda bu il aprelin 5-dən 7-dək Bakıda ilk dəfə
keçiriləcək Avropa Olimpiya Təsnifat turnirinin yüksək səviyyədə
təşkili istiqamətində görülən işlər barədə məlumat verilib və
yarışın Azərbaycanı nüfuzlu tədbirlərin mahir təşkilatçısı kimi
növbəti dəfə dünyaya tanıtmaq fürsəti olduğu diqqətə çatdırılıb,
turnirdə iştirak edəcək güləşçilərə uğurlar arzulanıb.