
Bakı. Trend:
“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) və “Regional İnkişaf”
İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə “Çovdar” qızıl
yatağının yaxınlığında növbəti ağacəkmə aksiyası keçirilib.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Təbiətə qayğı
missiyamızdır” şüarı ilə bölgənin yaşıllıq sahələrinin artırılması,
ekoloji tarazlığın qorunmasına töhfə verilməsi məqsədilə təşkil
edilən aksiyada “AzerGold” QSC-nin əməkdaşları, RİİB nümayəndələri
və könüllüləri iştirak ediblər.
Aksiya zamanı 1 hektar ərazidə yerli şəraitə uyğun 1000 ədəd
cökə ağacı əkilərək, aqrotexniki qaydada qulluq göstərilib.
Həmçinin tədbir çərçivəsində ərazidə müvafiq abadlıq işləri
aparılıb.
Xatırladaq ki, ölkəmizdə qeyri-neft-qaz sektorunun önəmli
sahələrindən olan dağ-mədən sənayesinin inkişafı istiqamətində
fəaliyyətini uğurla davam etdirən “AzerGold” QSC ətraf mühitin
mühafizəsinə ardıcıl və sistemli töhfələrini verir. Bugünədək QSC
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Regional İnkişaf” İctimai
Birliyi, İDEA İctimai Birliyi, eləcə də digər hökumət və
qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq şəraitində Daşkəsən
rayonunda 16 mindən çox ağac və kol bitkisinin əkini həyata
keçirib. Həmçinin nadir və nəsli kəsilməkdə olan bitki növlərinin,
eyni zamanda biomüxtəlifiyin qorunması məqsədilə çoxsaylı
layihələr, göl və çay kənarlarında təmizlik aksiyaları icra
edilib.



























