Advertisement

Qələbə soraqları sayəsində yazın nəfəsi idmanda da hiss olundu – Fərid Qayıbov

Bakı. Trend:

“Yazın gəlişi ilə oyanan təbiət idmanımıza da öz pozitiv
enerjisini ötürməkdədir. “İdman həftəsi” ilə müşayiət olunan martın
ilk günlərindən gələn qələbə soraqları sayəsində yazın nəfəsi
idmanda da hiss olundu”.

Trend İdman.biz
istinadən xəbər verir ki, bunu gənclər və idman naziri Fərid
Qayıbov mart ayını dəyərləndirərkən deyib.

O, “Nazirin Nöqteyi-Nəzəri”ndə bildirib ki, nüfuzlu beynəlxalq
yarışlarda ölkəmizi uğurla təmsil etmiş Azərbaycan idmançıları və
onların məşqçiləri ilə ənənəvi görüş xoş təəssüratlarla keçib:
“Qitə və dünya çempionatlarında, nüfuzlu beynəlxalq yarışlarda
ölkəmizi uğurla təmsil etmiş Azərbaycan idmançıları və onların
məşqçiləri ilə ənənəvi görüşümüz bu dəfə də xoş təəssüratlarla
keçdi. Ağırlıqqaldırma, bədii gimnastika, kişi idman gimnastikası,
tamblinq, MMA, cüdo, güllə atıcılığı, stend atıcılığı, sumo,
karate, para-atletika, paracüdo, parataekvondo, savat və prokombat,
taekvondo, sərbəst güləş, yunan-Roma güləşi, qadın güləşi idman
növlərində uğur qazanmış idmançılarımızın iştirak etdikləri
yarışlar, qazandıqları qələbələrlə bağlı təəssüratlarını dinlədik
və gələcək yarışlara hazırlıqlarını yığma komandaların məşqçiləri
ilə müzakirə etdik”.

Nazir Avropa çempionatında yüksək nəticələr əldə etmiş
güləşçilər və məşqçi heyəti ilə görüşlə bağlı da fikirlərini
açıqlayıb: “Avropa çempionatında yüksək nəticələr əldə etmiş
güləşçilər və məşqçi heyəti ilə, eləcə də Xarici Dillər Təmayüllü
Gimnaziyada təhsil alan şagird-güləşçilərlə Azərbaycan Güləş
Federasiyasının prezidenti, iqtisadiyyat naziri Mikayıl Cabbarov,
elm və təhsil naziri Emin Əmrullayev ilə birlikdə görüşdük.
Güləşçilərimiz bu il də ənənəyə sadiq qalaraq qitə birinciliyində
böyük uğurlar qazanıblar. Hazırda Xarici Dillər Təmayüllü
Gimnaziyada ölkənin müxtəlif bölgələrindən 50-yə yaxın yeniyetmə
güləşçi təhsil alır. Qida və yataqxana ilə təmin edilən məktəblilər
tədrislə yanaşı, kompleksin idman zalında sərbəst və yunan-Roma
güləşi üzrə təlim-məşq prosesinə də cəlb edilirlər. Bu isə güləşin
inkişafı üçün əlavə təkan olacaq”.

Fərid Qayıbov martda Paris-2024 Yay Olimpiya Oyunlarına
qazanılan lisenziyalara münasibət bildirib: “Mart ayında
idmançılarımız daha iki lisenziya qazandılar. Əvvəlcə boksçumuz
Nicat Hüseynov (51 kq) İtaliyanın Busto Arsizio şəhərində keçirilən
I Dünya Olimpiya Təsnifat Turnirinin 1/4 finalında Rosko Hillə
(ABŞ) qalib gəlməklə Olimpiyaçı statusu qazandı. Ardınca isə batut
gimnastikası üzrə milli komandamızın üzvü Selcan Mahsudova bu
hüquqa nail oldu. Sevindirici haldır ki, bu, Azərbaycan gimnastika
tarixində batutda qazanılan ilk lisenziyadır”.

Nazir bildirib ki, 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ilə
əlaqədar fevralın 28-dən start götürmüş “İdman həftəsi” martın 5-də
Qubada idman paradı ilə başa çatıb: “Bu müddətdə nazirliyin, eləcə
də regional idarələrimizin, idman federasiyalarının birgə
təşkilatçılığı ilə yüzdən çox müxtəlif tədbir keçirdik. Bu
tədbirlər sayəsində həftə ərzində ölkəmizdə idman xüsusi diqqət
mərkəzində oldu. “İdman həftəsi”ndə fəal olan hər kəsə təşəkkür
edirəm.
Əlamətdar hadisələrdən biri də 2024-cü il üçün “İdman səfirləri”nin
seçilməsi oldu. Nazirliyin növbədənkənar Kollegiya iclasında
səsvermədən öncə hər bir namizədin təqdimatı və proqramı
dinlənildikdən sonra 5 idman səfirimiz seçildi. Onları təbrik
edirəm və il ərzində bütün ölkədə, o cümlədən də regionlarda
idmanın təbliği üçün fəaliyyətlərində uğurlar arzulayıram”.

O, idman sahəsində beynəlxalq əlaqələrin perspektivlərinə də
toxunub: “Litva Respublikasının Milli İdman Agentliyinin direktoru
Mindauqas Şpokasla, Gürcüstan parlamentinin Təhsil, elm və gənclər
məsələləri komitəsinin sədri Qivi Mikanadze ilə, Qırğızıstanın
Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Kayrat
Osmanəliyevlə, eləcə də Mərakeşin ölkəmizdəki Fövqəladə və
Səlahiyyətli Səfiri Məhəmməd Adil Embarş ilə görüşlər zamanı idman
sahəsində əməkdaşlığın gələcək perspektivlərini müzakirə
etdik”.

Nazir regional gənclər və idman idarələrinin rəisləri, Olimpiya
İdman Komplekslərinin, Gənclər Evlərinin direktorları və
uşaq-gənclər idman məktəblərinin rəhbərləri ilə növbəti görüşün bu
dəfə 2024-cü il üçün ölkəmizin “İdman Paytaxtı” Quba şəhərində baş
tutduğunu da vurğulayıb: “Görüşdə gənclər və idman sahələrində
görülən işləri, gələcək fəaliyyət məsələlərini müzakirə etdik.
“İdman Paytaxtı”nda daha bir görüşümüz idman federasiyalarının
nümayəndələri ilə oldu. Sayca 13-cü olan və Quba Olimpiya İdman
Kompleksində təşkil olunan görüşdə federasiya nümayəndələri və
mütəxəssislərlə son vaxtlar görülmüş işlər, qarşıda duran vəzifələr
haqqında danışdıq, onların rəy və təkliflərini dinlədik və aktual
məsələləri birgə müzakirə etdik”.

O, Azərbaycan Reqbi Federasiyasının növbədənkənar ümumi
yığıncağı və ölkəmiz növbəti dəfə idman gimnastikası üzrə Dünya
Kuboku ilə bağlı da fikirlərini qeyd edib: “Federasiyaların
fəaliyyətinin optimallaşdırılması prosesi də davam etməkdədir. Bu
dəfə Azərbaycan Reqbi Federasiyasının növbədənkənar ümumi yığıncağı
keçirildi və Röyal Süleymanov federasiya prezidenti seçildi.
İnanıram ki, ölkəmiz üçün ənənəvi olmasa da, qarşıdakı illərdə bu
idman növündə də canlanmaya şahid ola biləcəyik.

Demək olar ki, hər ay beynəlxalq yarışların məkanı olan ölkəmiz
növbəti dəfə idman gimnastikası üzrə Dünya Kubokuna uğurla ev
sahibliyi etdi. Qeyd edim ki, ölkəmiz ənənəvi olaraq hər il
gimnastika növləri üzrə 3 Dünya Kubokuna ev sahibliyi edir və bu
yarışlar Azərbaycanda gimnastikanın inkişafında əhəmiyyətli rol
oynayır”.