Advertisement

“Qarabağ” və “Neftçi” amputant futbol komandalarının oyunu keçirilib (FOTO)

Bakı.Trend:

Bəşəriyyət mina problemi ilə üz-üzədir. Problemin dünya
birliyinin diqqətində saxlanılması, insanların mina təhlükəsinə
dair maarifləndirilməsi, minalara qarşı mübarizənin gücləndirilməsi
məqsədi ilə BMT Baş Assambleyasının 2005-ci ildə qəbul etdiyi
Qətnamə ilə 4 Aprel Beynəlxalq Mina Xəbərdarlığı və Mina Təhlükəsi
ilə Mübarizəyə Yardım Günü kimi qeyd edilir. BMT 2022-ci ildən bu
günü “Təhlükəsiz yer, təhlükəsiz addım, təhlükəsiz ev” devizi
altında keçirməyə başlayıb.

Trend xəbər verir kii, 4 aprel gününü qeyd etmək məqsədilə
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi və Azərbaycan
Futbol Federasiyaları Assosiasiyasının birgə təşkilatçılığı ilə
Bakı Olimpiya Stadionunda “Qarabağ” və “Neftçi” amputant futbol
komandalarının oyunu keçirilib.

Mina partlayışları nəticəsində xəsarət almış amputant şəxslərdən
ibarət futbol oyunlarının keçirilməsi minadan zərərçəkənlərin
cəmiyyətə reinteqrasiyası və futbol vasitəsilə mina təhlükəsinə
dair maarifləndirmədə kütləviliyin təmin edilməsi böyük əhəmiyyət
kəsb edir.

Xatırladaq ki, amputasiya olunmuş şəxslərdən ibarət Azərbaycan
milli komandası Avropa Amputant Futbol Federasiyasının
təşkilatçılığı ilə 2023-cü ildə Şotlandiyada keçirilən Millətlər
Liqasında “D” divizionunu 2-ci pillədə tamamlayaraq 2024-cü ildə
Fransada təşkil olunacaq Avropa Çempionatının final mərhələsinə
vəsiqə qazanıb.

Qeyd edək ki, Vətən müharibəsindən bugünədək 350 nəfər mina
partlayışının qurbanı olub. 65 nəfəri həlak olub, 285 nəfər xəsarət
alıb. Ümumilikdə, Azərbaycanda mina qurbanlarının sayı 3429 nəfər
təşkil edir. Onlardan 595 nəfəri həyatını itirib. 3429 nəfər
zərərçəkənlərdən 357 nəfəri uşaq və gənc, 38 nəfəri
qadınlardır.

FOTO: Zaur Mustafayev