Advertisement

Xala ümid etmirdik, xal üçün oynayırdı – Millinin kapitanı (MÜSAHİBƏ)

Bakı. Trend:

Futbol üzrə Azərbaycan millisinin kapitanı Sevinc Cəfərzadə
İdman.biz saytına müsahibə verib.

Trend İdman.biz
istinadən müsahibəni təqdim edir:

– AVRO-2025-in seçmə mərhələsinin ilk oyununda
Macarıstanla 1:1 hesablı heç-heçə etdiz. Qarşılaşmanı necə
dəyərləndirərdiz?

– Oyun çox ağır keçdi. Bunun belə olacağını bilirdik. Çünki biz
B liqasına yeni yüksəlmişik. Burda asan rəqib yoxdur. Qrup baxdıqda
da görmək mümkündür. Mənə görə C liqası da zəif deyil. Çünki qadın
futbolu dünyanın hər yerində inkişaf edib.

– Müdafiə futbolu oynayıb 1 xala ümid edirdiz, yoxsa
rəqib oynamağa imkan vermədi?

– Sırf müdafiədə “oturmamışdıq”. Sadəcə baş məşqçimiz tərəfindən
tapşırılan oyun planı vardı. Səbirli olub ona riayət etməli idik.
Xala ümid etmirdik, xal üçün oynayırdıq. Rəqib isə təbii ki, çox
güclü idi.

– Qazanılan 1 xalı qənaətbəxş sayırsız?

– Bəli. B liqası, ilk oyun və heç tanış olmayan bir rəqib…
Heyətində də çox usta və top komandalarda oynayan futbolçular var
idi. Niyə də qənaətbəxş olmasın? Komandamız bu 1 xal üçün bəzən
zərbənin qarşısına özünü sipər edirdi.

– Öz oyununuzu necə şərh edərdiz?

– Komandam üçün təkcə meydanda deyil, lazım gəlirsə meydandan
kənarda da mübarizə aparıram. Düşünürəm ki, yaxşı oynadım. Bəzən
oyunum alınmaya bilir, amma həmişə komanda üçün 200 faiz motivasiya
ilə döyüşkən ruhda, əzmdə çalışıram. Macarlara qarşı belə idi.
Bilirəm ki, komandam mənə çox güvənir, eləcə də, mən onlara.
Yığmada hər birimiz vəzifəsindən asılı olmayaraq mübarizdir.

– Startda güclü rəqiblə heç-heçə qarşıdakı görüşlər üçün
əlavə stimul ola bilər?

– Belə rəqibdən xal almaq hər zaman bizdə yaxşı hisslər
yaradır.

– Növbəti matçda İsveçrəyə qarşı oyundan nə
gözləyirsən?

– Adından görünür ki, necə güclü komandadır. Bizi heç də asan
olmayan daha bir oyun gözləyir. Bərpa üçün 2 gün vaxtımız var.
Əlimizdən gələnin ən yaxşısını edəcəyik və döyüşəcəyik.