Advertisement

Bu il “ƏDV geri al” layihəsi çərçivəsində 43,8 milyon manat qaytarılıb

Bakı. Trend:

Ölkədə “ƏDV geri al” layihəsi uğurla tətbiq edilir. 2024-cü ilin
yanvar – mart ayları ərzində fiziki şəxs olan istehlakçılar
tərəfindən pərakəndə ticarət, ictimai iaşə və tibb fəaliyyəti
göstərən şəxslərdən alınmış mallara və göstərilən xidmətlərə görə
ödənilmiş ƏDV-nin 43,8 milyon manatı geri qaytarılıb.

Dövlət Vergi Xidmətindən Trend-ə verilən məlumata görə, bu
günədək alınmış mallara görə ödənilmiş ƏDV-nin bir hissəsinin
qaytarılması üçün edvgerial.az portalında 2,7
milyondan çox istifadəçi qeydə alınıb. Layihənin tətbiq edildiyi
vaxtdan 2024-cü ilin 1 aprel tarixinədək portalda qeydiyyatdan
keçmiş istehlakçılara ümumilikdə 1,5 milyarddan çox kassa çeki üzrə
559,5 milyon manat ƏDV məbləği geri qaytarılıb.

“ƏDV geri al” layihəsinin reallaşdırılması nəticəsində pərakəndə
ticarət, ictimai iaşə və tibb xidmətləri sahələrində nağdsız
ödəmələrin xüsusi çəkisi əhəmiyyətli şəkildə yüksəlib.