Advertisement

Messinin Paris-2024-də iştirak ilə bağlı danışıqlar davam edir

Bakı. Trend:

Argentina millisinin və “İnter Mayami”nin futbolçusu Lionel
Messi Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak edə bilər.

Trend İdman.biz
istinadən xəbər verir ki, bunu U-23 yığmasının baş məşqçisi Xavyer
Maskerano açıqlayıb.

O bildirib ki, bu yay əsas milli ilə Amerika kubokunda da
oynayacaq 37 yaşlı hücumçunun Paris-2024-ə yollanması çətin görünsə
də, danışıqlar davam edir:

“Mən onun özü ilə də danışmışam, Olimpiya Oyunlarında bizə
qoşulması üçün rəsmi təklif də göndərmişik. Hələ danışıqlarımız
davam edir. Paris-2024-ə qədər vaxtımız var. Amma nəzərə almalıyıq
ki, iyun-iyul aylarında Amerika kuboku baş tutacaq. Olimpiadanın
futbol turniri iyulun 24-də başlayacağından Messi ardıcıl iki böyük
turnirə qatılmalı olacaq”.

Qeyd edək ki, Messi Pekin-2008-də də Olimpiya Oyunlarında
iştirak edib və komandası ilə çempionluq yaşayıb.