
Bakı. Trend:
Azərbaycan güləşçisi Əliabbas Rzazadə Paris-2024 Yay Olimpiya
Oyunlarına lisenziya qazanıb.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, sərbəst güləşçimiz bu uğura Bakıda
keçirilən güləş üzrə Avropa Olimpiya Təsnifat Turnirində nail
olub.
57 kq çəkidə çıxış edən idmançımız yarımfinalda Vladimir
Yeqorovla (Şimalı Makedoniya) qarşılaşıb. Rzazadə 4:3 hesabı ilə
qalib gələrək Fransa paytaxtında iştirak hüququna yiyələnib.
Əvvəlki mərhələlərdə Simone Piroddu (İtaliya) 11:0 və Süleyman
Atlını (Türkiyə) 6:0 hesabı ilə məğlub edən pəhləvanımız Bakıdakı
yarışda Azərbaycan yığmasının ilk lisenziyasının sahibi olub.
Qeyd edək ki, bu gün Azərbaycan millisinin daha 4 güləşçisi
Paris-2024-ə lisenziya üçün həlledici qarşılaşmaya çıxacaq.





























